...

NAZİM İBRAHİMOV: "AZƏRBAYCANDAN KƏNARDA İQTİDAR-MÜXALİFƏT ANLAYIŞI OLMAMALIDIR"

Siyasət Materials 4 İyul 2005 19:20 (UTC +04:00)
NAZİM İBRAHİMOV: "AZƏRBAYCANDAN KƏNARDA İQTİDAR-MÜXALİFƏT ANLAYIŞI OLMAMALIDIR"

Xarici Ölkələrdlə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iyulun 4-də mətbuat konfransı keçirərək bu qurumun 3 illik fəaliyyəti barədə hesabat verib.

O, bildirib ki, Komitə yarandığı gündən xaricdəki soydaşlarımızın fəaliyyətinin güclənməsi, diaspor təşkilatları ilə əlaqələr qurulması, ümumilikdə diaspor quruculuğu istiqamətində xeyli işlər görüb.

Nazim İbrahimov xaricdə soydaşlarımız tərəfindən yaranan çoxsaylı diaspor təşkilatları, onların keçirdikləri tədbirlər, Komitə nümayəndələrinin xarici ölkələrə xidməti səfərləri və orada həmvətənlərimizlə keçirdikləri görüşlər barədə danışıb.

N.İbrahimov bildirib ki, Komitə Azərbaycan həqiqətlərini, ermənilərin tarix boyu torpaqlarımıza və xalqımıza etdiyi təcavüzlərini araşdıran, dünya ictimaiyyətinə çatdıran xarici ölkə alimlərini, ictimai xadimlərini önə çıxarmaq, dəstəkləimək istiqamətində işlər görür.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə yaşayan erməni diasporu uzun illər boyu Qarabağ tarixini təhrif edərək özününküləşdirmək, qondarma "erməni soyqrımı"nı təbliğ etmək yönündə çox işlər görüb və bu məqsədlərinə nail olublar.

Ona görə də Dövlət Komitəsi ermənilərin saxtakarlığını, təcavüzünü dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan diaporunun fəaliyyətini bu yöndə möhkəmləndirməyə, onları birləşdirməyə çalışır.

İranda yaşayan azərbaycanlılar və onların təşkilatları barədə danışarkən N.İbrahimov bildirib ki, Dövlət Komitəsi dünyanın hər bir yerində yaşayan soydaşlarımızla maraqlanır. "Lakin Azərbaycan -İran dost ölkələrdir və biz heç vaxt İranın daxili işlərinə qarışmırıq.

Azərbaycanın öz xarici siyasəti var və bu siyasətə görə heç bir dövlət qurumu İranın daxili işlərinə müdaxilə etməyi planlaşdırmır"-deyə Komitə sədri vurğulayıb.

N.İbrahimov Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə də toxunub bildirib ki, bu ölkədəki soydaşlarımızın çətinlikləri, orada baş verən hadisələr lazım olduğundan artıq şişirdilir.

Onun fikrincə, istər Rusiyada, istər Gürcüstanda soydaşlarımızla bağlı baş verənləri dərhal Milli zəmində münaqişə kimi təqdim etmək doğru deyil, həmvətənlərimizin əsl problemlərini araşdırıb onun həllinə nail olmaq lazımdır.

Komitə sədri xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın heç birinə siyasi baxışlarına görə fərq qoymadığını da vurğulayıb. "Azərbaycandan kənarda iqtidar-müxalifət anlayışı ola bilməz. Hamımız vətənimizin, dövlətimizin ətrafında sıx birləşməliyik.

Əgər kimsə siyasi fəaliyyətlə məşğul olmaq istəyirsə, Azərbaycan siyasi proseslər üçün açıq olan, demokratik bir ölkədir"-deyə Komitə sədri vurğulayıb.

N.İbrahimov Komitənin fəaliyyəti ilə bağlı obyektiv tənqidləri də normal qarşıladığını bildirib, "iş olan yerdə nöqsanlar da olur"- deyə əlavə edib.

Xəbər lenti

Xəbər lenti