...

QHT-LƏR PARLAMENT SEÇKİLƏRİNDƏ KOALİSİYA ŞƏKLİNDƏ İŞTİRAK ETMƏKDƏ MARAQLIDIRLAR

Siyasət Materials 7 İyul 2005 15:58 (UTC +04:00)

"Qarşıdakı parlament seçkilərində öz namizədləri ilə iştirak etmək niyyətində olan QHT-lər indiyədək 9 seçki bloku və 5 seçki koalisiyasında təmsil olunublar.

Bu isə qüvvələrin parçalanması deməkdir. Noyabr seçkilərində hər hansı bir nəticəni əldə etmək istəyiriksə, QHT-lərin vahid koalisiyasına nail olmalıyıq".

Trend informasiya agentliyi xəbər verir ki, bu fikirlər "İctimai Liderlər" seçki blokunun təşkilatçılığı ilə iyulun 7-də Beynəlxalq Mətbuat Mərkəzində "QHT blok və koalisiyalarının seçkilərdə fəaliyyətinin koordinasiyası" mövzusunda keçirilmiş tədbirdə səsləndirilib.

"İctimai Liderlər" seçki blokunun həmtəsisçisi Sabit Bağırov çıxış edərək QHT-lərin parlament seçkilərinə belə pərakəndə halında qatılmasının 3-cü sektor nümayəndələrinin öz niyyətlərinə çatmalarında çoxlu maneələr yaratdığını bildirib.

Həmin blokun digər həmtəsisçisi Azay Quliyev isə siyasi partiyalarla müqayisədə QHT-lərin ictimaiyyət tərəfindən çox da tanınmadığını əsas gətirərək, səyləri birləşdirmədən qarşıdakı parlament seçkilərindən hər hansı bir uğurun gözlənilməsini əsassız sayıb.

Çıxışlarda , həmçinin, QHT-lərin vahid koalisiyasının təşkili məqsədilə işçi qrupun yaradılmasının vacibliyi vurğulanıb. Müzakirələrdən sonra
toplantı iştirakçıları adından bəyanat qəbul edilib.

Bəyanatda noyabrda keçiriləcək seçkilərin azad, ədalətli, demokratik keçirilməsi sahəsində bütün demokratik qüvvələrin səylərin birləşdirilməsinə ciddi ehtiyac duyulduğu, milli QHT-lərin bu sahədəki fəaliyyətinin müsbət nəticələrə gətirib çıxaracağı öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti