...

GƏNCƏNİN LİDER QADINLARI ABŞ-DA TƏCRÜBƏ MÜBADİLƏSİ KEÇİBLƏR

Siyasət Materials 8 İyul 2005 15:38 (UTC +04:00)

Azərbaycanlı lider qadınlardan ibarət 11 nəfərlik nümayəndə heyəti 14 gün müddətinə ABŞ-ın Vermont ştatında təcrübə mübadiləsi keçiblər. Səfər ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət məsələləri şöbəsi tərəfindən maliyyələşdirilən "Projekt Harmoni" təşkilatının təşəbbüsü ilə "Azərbayjan qadınlarının liderlik proqramı" çərçivəsində həyata keçirilib.
Respublikamızın 5 bölgəsindən olan bu qadınlar 8 mərhələdən ibarət müsabiqə yolu ilə 80 nəfər iştirakçı arasından seçilib.

Gəncəni bu heyətdə "Tomris" Analar Cəmiyyəti qeyri-hökumət təşkilatının rəhbəri, yazıçı-jurnalist Nüşabə Məmmədova və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tarix müəllimi Məleykə Əlizadə təmsil edib.

Nüşabə xanım Trend in bölgə nümayəndəsinə belə səfərin Azərbaycanda qadınlar üçün ilk dəfə təşkil olunduğunu və beynəlxalq təcrübə qazanaraq yerlərdə tətbiq etmək baxımından əhəmiyyətini xüsusi vurğulayıb: "Vermont ştatının təxminən 5-6 şəhərində fəaliyyət göstərən, qadın problemləri ilə məşğul olan müxtəlif mərkəzlərdə Azərbaycan qadın nümayəndə heyətinin ikitərəfli görüşləri oldu. Onlar bizi çoxsahəli işləri ilə yerində tanış etdilər".

Məleykə Əlizadə 14 günlük səfər çərçivəsində keçirdikləri hər bir görüşdə ilk növbədə Azərbaycan-Ermənistan arasında mövcud olan Qarabağ problemini önə çəkdiklərini bildirdi.

"Qənaətbəxş haldır ki, özümüzlə apardığımız bütün bu informasiyaların cəmləşdiyi kitab, bülleten, qəzet və curnallar, şəkil kolleksiyalarını (elektron variantı ilə birlikdə) görüş iştirakçılarına təqdim edə bildik.

Ümumi söhbətlərdən məlum oldu ki, indiyə qədər gerçəkliklər yalnız ABŞ-ın yuxarı dairələrinə çatdırılıb. Ayrı-ayrı şəhərlərin əhalisinin respublikamızla bağlı bilgiləri səthidir".

Nüşabə xanım və Məleykə xanım öz söhbətlərində ABŞ və Azərbaycan qadın təşkilatları arasında müşahidə etdikləri ümumilik və fərqləri aşağıdakı kimi şərh etdilər: "Ümumi müqayisədən məlum olur ki, ABŞ qadınlarının problemləri daha çoxdur.

Lakin, fərqli olaraq, onların təşkilatlarına dövlətin hərtərəfli dəstəyi vardır. Təsəvvür edin, Vermont ştatında qadın problemləri ilə məşğul olan bir təşkilata ABŞ dövlətinin ayırdığı vəsait 1 milyon dollara bərabərdir.

Bu məbləğdə vəsaitlə istənilən problemlərini həll edə bilirlər. Azərbaycanda isə qadın təşkilatları yalnız kredit hesabına, yazdıqları hansısa layihə çərçivəsində iş görürlər. Davamlı dövlət yardımından söhbət gedə bilməz".

Müsahiblərimiz azərbaycanlı qadınların səfərinə ABŞ-ın müstəqil və hökumət KİV nümayəndələrinin böyük önəm verdiyini bildirdilər: "ABŞ senatoru Patrik Lihi ilə Berlinkton şəhərinin meri Peter Klavellə, həmçinin digərləri ilə keçirdiyimiz görüşlərin, seminarların videoyazısı telekanallar vasitəsilə yayımlanıb Eyni zamanda Vermont ştatında nəşr olunan "Perspektive", "Vermont" qəzetlərində səfərlə əlaqədar müsahibələr dərc olundu".

Xəbər lenti

Xəbər lenti