...

RAMİL USUBOV: MİTİNQDƏ RADİKAL MÜXALİFƏTİN POLİSƏ QARŞI TƏXRİBAT TÖRƏTMƏSİNƏ YOL VERİLMƏYƏCƏK

Siyasət Materials 9 İyul 2005 13:44 (UTC +04:00)

"Bizə daxil olan operativ məlumata əsasən, iyulun 10-da keçiriləcək mitinqdə radikal müxalifət qüvvələri tərəfindən polisə qarşı təxribat hazırlanır". Trend informasiya agentliyi xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, müxalifətin hazırladığı təxribat planında məqsəd Azərbaycan iqtidarını ləkələməkdir.

"Plana əsasən, müxalifət təmsilçiləri mitinqin keçirildiyi meydanda təhlükəsizlik tədbirlərini həyata keçirəcək polis "kardonu" ilə bilərəkdən qarşıdurma yaradacaq.

Məqsəd isə həmin qarşıdurma haqda mitinqdə iştirak edəcək xarici ölkə təmsilçiləri,əcnəbi telekanalların nümayəndələri, eləcə də müxtəlif beynəlxalq təşkilatlara guya ölkədə seçkiqabağı mühütin qeyri-demokratik olması barədə yalançı informasiyalar çatdırmaqdır",-deyə Ramil Usubov bildirib.

Onun sözlərinə görə, nə qədər ciddi hazırlaşmalarına baxmayaraq, müxalifətin həmin təxribat planı baş tutmayacaq.

"Ölkə başçısı tərəfindən Azərbaycanda parlament seçkilərinin demokratik keçirilməsi üçün bütün hüquqi tədbirlər görülüb.Eyni zamanda daxili işlər orqanları tərəfindən seçkiqabağı və seçkilər ərəfəsində sabitliyin təmin olunması üçün ölkədə bütün təhlükəsizlik tədbirləri görüləcək .

Müxalifət qüvvələrinə müraciət edərək bildirirəm ki, əvvəlki illərdə olmuğu kimi, polislə belə qəsdən münaqişə yaradıb, ondan öz çirkin məqsədləri üçün bəhrələnməyə yol verilməyəcək.

Bəri başdan bəyan edirəm ki, təxribat planının kim tərəfindən, hansı xarici himayədarlar tərəfindən hazırlanıb həyata keçirilməsindən asılı olmayaraq, bu baş tutmayacaq.

Azərbaycanda təxribat, nəyisə dağıtmaq, güc yolu ilə hakimiyyətə gəlmək mümkün olmayacaq. Bu kimi hərəkətlər artıq tarixin arxivinə atılıb və oradan geriyə yol yoxdur",-deyə daxili işlər naziri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti