...

ABDULLA GÜL: TÜRKİYƏ VƏ ERMƏNİSTAN DİPLOMATLARI DANIŞIQLAR APARIRLAR VƏ BU YENİLİK DEYİL

Siyasət Materials 13 İyul 2005 11:24 (UTC +04:00)

"Türkiyə və Ermənistan diplomatları iki tərəfli problemlərin həll olunması məqsədilə danışıqlar aparırlar və bunda yeni bir şey yoxdur". Trend agentliyinin Türkiyənin KİV-ə istinadən verdiyi məlumata əsasən, belə bəyanatla hazırda Böyük Britaniyada olan Türkiyənin Xarici İşlər naziri Abdulla Gül çıxış edib.

"Bizim yeganə məqsədimiz Qafqazda sabitliyin təmin olunmasıdır. Türkiyə və Ermənistan arasında dialoq artıq uzun müddətdir ki davam edir. Bəzən belə görüşlər nazirlər səviyyəsində keçirilir. Ankara hər iki tərəf üçün əlverişli olan mövqedən çıxış etməyə çalışır", - deyə A. Gül qeyd edib.

Qeyd edək ki, "Hürriyət" qəzeti Ankarada diplomatik mənbələrə istinadən belə bir məlumat yayıb ki, Avropa dövlətlərindən birində Türkiyə və Ermənistan diplomatlarının görüşü keçirilib. Bu görüşdə Türkiyə tərəfi Ermənistan tərəfinə təkliflər irəli sürüb, onların qəbul olunması isə yaranmış problemlərin həlli üçün imkan yaradacaq.

Türkiyə nümayəndə heyətinin tərkibinə XİN nümayəndələri, səfir Əhməd Üzümcü və Türkiyənin Gürcüstandakı səfiri Ertan Tezger daxil idilər. Dialoqun gedişində yaxın günlərdə Ermənistanın Ankaranın təkliflərinə cavab verəcəyinin gözlənildiyi yeni görüşün keçiriləcəyinə dair qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti