...

PATRİK MERLO: HEÇ KİM XARİCDƏN AZƏRBAYCANA DEMOKRATİYA RESEPTİ VERƏ BİLMƏZ

Siyasət Materials 14 İyul 2005 13:11 (UTC +04:00)
PATRİK MERLO:  HEÇ KİM XARİCDƏN AZƏRBAYCANA DEMOKRATİYA RESEPTİ VERƏ BİLMƏZ

Xaricdən heç kim Azərbaycana demokratiya resepti verə bilməz. Azərbaycan xalqı suveren seçki hüququndan istifadə etməlidir. Trend in məlumatına görə, belə bir bəyanatla iyulun 14-də Bakıda keçirilən mətbuat konfransının gedişində ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) seçki proqramlarının rəhbəri Patrik Merlo (Patrick Merloe) çıxış edib.

P. Merlo qeyd edib ki, hökumətlə müxalifət arasında dialoq təkcə seçki dövrü ilə məhdudlaşmamalı, ardıcıl xarakter daşımalıdır. "Bəyanatlar kifayət deyil. Müxalifət strukturlarının sərbəst fəaliyyəti üçün bazaların yaradılması ilə bağlı addımların atılması zəruridir", -deyə NDI-nin nümayəndəsi bəyan edib. O qeyd edib ki, demokratiyanın inkişaf etməkdə olduğu digər ölkələrdə olduğu kimi Azərbaycanda da "fövqəladə addımlar atmaq" mümkündür.

Patrik Merlo həmçinin NDI-nin ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın (Madeleine Albright)başçılıq etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlərin yekunları barədə də danışıb.

NDI-nin nümayəndəsi xatırladıb ki, Avropa Şurasının (AŞ)Venesiya Komissiyası (VK) ATƏT-lə birgə Azərbaycan prezidenti İlham Əliyev və prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə danışıqların gedişində müzakirə olunan bir sıra tövsiyələr hazırlamaq niyyətindədir.

"VK və ATƏT hər bir seçki komissiyasının tərkibinə bir müxalifət nümayəndəsini daxil etməyi təklif edir" - deyə Merlo qeyd edib. Onun sözlərinə görə, beynəlxalq strukturların təklif etdikləri sənədlər "çox müsbət xarakter" daşıyır.

Sonda P. Merlo qeyd edib ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) 2003-cü ildə keçirilən prezident seçkilərinin yekunları üzrə qanunvericilikdə 109 pozuntu faktını aşkar edib ki, bu da öz-özlüyündə müsbət amildir və gələcəkdə bu cür halların qarşısını almaq üçün "dərs" ola bilər.

Xəbər lenti

Xəbər lenti