...

MUSTAFA EVRAN: ÜMİD EDİRİK Kİ, AZƏRBAYCANIN MÖVQEYİ KİPRİN YUNAN İCMASINI SÜLH DANIŞIQLARINI BƏRPA ETMƏYƏ VADAR EDƏCƏK

Siyasət Materials 15 İyul 2005 15:22 (UTC +04:00)

"Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sonuncu bəyanatları Şimali Kipr Türk Respublikasında çox müsbət qarşılanıb və biz ümid edirik ki, rəsmi Bakının mövqeyi Kiprin yunan icmasını sülh danışıqları masası arxasına qayıtmağa vadar edəcək".

İyulun 15-də Trend agentliyinə eksklüziv müsahibəsində Şimali Kipr Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mustafa Evran bu bəyanatla çıxış edib.

M. Evranın sözlərinə görə, Şimali Kiprlə münasibətlərdə Azərbaycanın atdığı addımlar dünyanın digər dövlətlərinə nümunə ola bilər. "Bugünkü gündə dünyanın əksər ölkələri Kiprin məhz yunan icmasından güzəşt getməyi gözləyir, belə ki, məhz yunan tərəfi 2004-cü ilin aprel ayında BMT-nin baş katibi Kofi Annanın adanın birləşdirilməsinə dair planının qəbul edilməsinin qarşısını aldı"-deyə M. Evran qeyd edib.O, bildirib ki, kiprli türklər Azərbaycan dövlətinin başçısına onun cəsarətli addımına görə minnətdardır.

O, həmçinin iyulun 31-dən "IMAIR" avia şirkətinin Bakıdan Lefkoşaya birbaşa aviareys açmağa başlaması barədə "Reuters" agentliyinin məlumatını şərh edib.

"Həqiqətən həmin şirkət bu avia reysin açılması üçün bir ildən artıqdır ki, danışıqlar aparır.Biz Azərbaycan tərəfinin bu barədə istəyini bildik və bunu dəstəkləyirik"-deyə M. Evran qeyd edib.

Son olaraq M. Evran qeyd edib ki, Azərbaycan xalqı ilə Şimali Kipr arasında sıx əlaqələrin yaxşılaşdırılması təbii haldır. "Sıx əlaqələrin yaxşılaşdırılmasında təəccüblü heç nə yoxdur.Bizim xalqlarımızın ümumi tarixi kökləri vardır.Bizim mədəniyyətimiz, ənənələrimiz və dilimiz vahid kökə mənsubdur"-deyə M. Evran bildirib.

Xəbər lenti

Xəbər lenti