...

VECDİ GÖNÜL: "TÜRKİYƏ-AZƏRBAYCAN ƏLAQƏLƏRİ ARDICIL VƏ DÖNMƏZDİR "

Siyasət Materials 20 İyul 2005 14:18 (UTC +04:00)

"Türkiyə-Azərbaycan əlaqələri tarixin dərinliyindən gəlir. Azərbaycan müstəqillik qazandıqdan sonra bu əlaqələr daha da ardıcıl və dönməz olub". Trend informasiya agentliyi xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan Türkiyənin müdafiə naziri Vecdi Gönül, iyulun 20-də Müdafiə Nazirliyində, azərbaycanlı həmkarı general-polkovnik Səfər Əbiyevlə görüşündə səsləndirib.

Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu qeyd edən müdafiə naziri Səfər Əbiyev, qonağı şəxsi heyət adından salamlayıb.

"Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə həmişə onun yanında olub. İki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin davam etdirilməsi hər iki dövlətin strateji maraqlarına uyğundur",-deyə müdafiə naziri vurğulayıb.

Azərbaycanın NATO ilə tərəfdaşlığını davam etdirdiyini qeyd edən Səfər Əbiyev, hərbi alyansla "Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı"nın təsdiq olunduğunu, respublikaının onun müddəalarını həyata keçirmək iqtidarında olduğunu söyləyib.

"Azərbaycanın Türkiyə ilə əməkdaşlığı güclüdür. Bu il "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft boru kəmərinin, 2006-cı ildə isə "Bakı-Tbilisi-Ərzurum " qaz boru kəmərinin istifadəyə verilməsindən sonra bu əməkdaşlıq ən yüksək səviyyəyə çatacaq",-deyə Səfər Əbiyev vurğulayıb.

Səmimi qəbula görə həmkarına təşəkkürünü ifadə edən Türkiyənin müdafiə naziri,daha sonra, Silahlı Qüvvələrin şəxsi heytinə və Azərbaycan xalqına olan məhəbbətini ifadə edib.

Sonra tərəflər Qara dəniz hövzəsində mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Azərbaycan-NATO, Azərbaycan-ABŞ əlaqələri, Türkiyənin Avropa İttifaqına qəbulu, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Türkiyənin müdafiə naziri Vecdi Gönül Bakıya ötən axşam gəlib.

Rəsmi görüşlərinə başlamazdan əvvəl türkiyəli nazir sabiq prezident Heydər Əliyevin abidəsini ziyarət edib, həmçinin, Şəhidlər Xiyabanına gələrək burada Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş azərbaycanlıların xatirəsinə ucaldılmış kompleksin, eləcə də 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad edilməsində həlak olmuş türk əsgərlərinə ucaldılmış kompleksin önünə əklil qoyub.

Bu gün müdafiə naziri Vecdi Gönülü həmçinin, Azərbaycan prezidenti İlham Əliyevin də qəbul edəcəyi planlaşdırılıb.

Sonra Türkiyənin müdafiə naziri Vecdi Gönül Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Hərbi Akademiyada, C.Naxçıvanski adına hərbi litseydə görüşlər keçirəcəkdir. Günün sonunda isə türkiyəli müdafiə naziri İncəsənət muzeyini ziyarət edəcək.

Xəbər lenti

Xəbər lenti