...

ƏLİ HƏSƏNOV: "BİZ PARLAMENTİ TƏYİNATLA FORMALAŞDIRMAĞA HAZIRLAŞMIRIQ"

Siyasət Materials 20 İyul 2005 17:14 (UTC +04:00)

Qarşıdan gələn parlament seçkisinə hazırlığın getdiyi və Milli mətbuatın 130 illik yubileyinə təsadüf etdiyi indiki dövrdə siyasi qüvvələr arasından münasibətlər, həmçinin mətbuat bayramının qeyd olunması məsələləri ilə bağlı Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend ə müsahibə verib.
- Əli müəllim, seçki mühitinin demokratikləşməsi, siyasi qüvvələrin konstruktiv münasibətlərinin qurulması üçün seçki ərəfəsində iqtidar-müxalifət arasında dialoq baş tuta bilərmi?
- Hal-hazırda siyasi qüvvələrin başı seçkiyə qarışıb. Mənim fikrimcə, indii seçki ərəfəsi olduğuna görə bu dialoq iqtidarla müxalifətin siyasi partiyaları arasında aparılmalıdır. Çünki seçkidə partiyalar, onların nümayəndələri və tərəfdarları iştirak edirlər. Seçki siyasi təşkilatların bir yarışıdır, hər partiya istəyir ki, daha çox onun namizədləri parlamentə seçilsin. Biz də hakimiyyət olaraq maraqlıyıq ki, cəmiyyətin bütün institutları öz siyasi fəallıqlarını saxlamaq şərtilə, bir-biri ilə normal, konstruktiv münasibətdə olsunlar.
- Prezident Aparatı da təşkilatçı yaxıd iştirakçı kimi iqtidar və müxalifət partiyalarının görüşünə cəlb oluna bilərmi?
- Əlbəttə, əgər ehtiyac olarsa, Prezident Aparatının təmsilçiləri bu görüşlərdə iştirak edə bilər. Hələlik isə bu, gözlənilmir. Amma seçki ərəfəsində belə bir zərurət yaranarsa, bu, mümkündür.
- Avropa Şurasının məruzəçiləri bildiriblər ki, Azərbaycanda parlamentin ən azı dörddə biri müxalifət təmsilçiləri olmalıdır. Sizin fikrinizcə, parlamentdə müxalifət qüvvələri təmsil olunmasa, seçkinin şəffaflığının tanınmasında problem yarana bilərmi?
- Biz parlamentimizi təyinatla formalaşdırmağa hazırlaşmırıq. Həmçinin Azərbaycan xalqının iradəsinin əleyhinə də addım atmaq fikrində deyilik. Xalq kimi seçəcəksə, hansı siyasi qruplara nə qədər səs verəcəksə, parlamentin tərkibi də bundan asılı olacaq.

Beynəlxalq təşkilatların nümayəndələrinin fikrinə gəldlikdə isə, mən hesab edirəm ki, əsas məsələ seçkinin şəffaflığının tanınıb-tanınmaması deyil. Əsas meyar xalqın idarəsinin demokratik, ədalətli, azad şəkildə ifadə olunmasıdır. Bizim üçün ən vacib məsələ xalqın səsverməsidir. Kimə səs veriləcəksə, ona da hörmətlə yanaşacağıq və onlarla işləyəcəyik.
- Milli mətbuatın 130 illiyi ilə əlaqədar Prezident Aparatı səviyyəsində təşkil olunan tədbirlərin hazırlığı nə yerdədir?
- Yubiley tədbirlərinə hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Yerli səviyyədə bölgələrdə keçirilən yubiley tədbirləri başa çatıb. Həmin tədbirlərdə Mətbuat Şurasının üzvləri, Prezident Aparatının nümayəndələri də iştirak ediblər. Yekun mərasim iyulun 21-də "Gülüstan" Sarayında prezident İlham Əliyevin iştirakı ilə keçiriləcək. Respublikada mətbuat sahəsində xidmətləri olmuş jurnalistlər mətbuatın 130 illik yubileyi münasibəti ilə mükafatlandırılacaq. Həmin tədbirdə eyni zamanda prezidentin jurnalistlərlə ünsiyyəti də olacaq.
- Neçə jurnalist mükafatlara layiq görüləcək?
- Mükafatlarla bağlı təkliflər verilməsi hələki davam edir. Gülüstan Sarayında keçiriləcək tədbirdə bir sıra jurnalistlərə prezident təqaüdü veriləcək, onların adları da həmin gün açıqlanacaq. Ümumilikdə isə "Tərəqqi" medalına və digər mükafatlara layiq görüləcək jurnalistlərin sayı çoxdur. Demək olar ki, onlarladır. Bu mükafata layiq görülənlərə gəldikdə, əsasən mətbuat sahəsində 10 ildən 50 ilə qədər xidmətləri olmuş jurnalistlər nəzərdə tutulub. Juranlistlərin hər bir xidməti fəaliyyətlərinə görə bizə verilən bütün təqdimatlar nəzərə alınır və siyahı tutulur.
- Ehtiyacı olan jurnalistlərə mənzil verilməsi ilə bağlı təşəbbüs reallaşa bilərmi?
- Xeyr, jurnalistlərə mənzil verilməsi məsələsi gündəmdə deyil. Dövlətin hazırda mənzil fondu yoxdur və dövlət mənzil tikmir. Əgər gələcəkdə mənzil fondu yaradılacaqsa, o zaman verilə bilər. Jurnalistlər üçün bina tikilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə jurnalist təşkilatları arasında danışıqlar gedir. O məsələnin isə hazırda nə yerdə olduğu barədə məlumatım yoxdur.

Xəbər lenti

Xəbər lenti