...

VETERAN FUTBOLÇU SƏMƏD QURBANOVUN DOĞMALARINININ QƏTLİ İLƏ BAĞLI MƏHKƏMƏ BAŞLANACAQ

Siyasət Materials 26 İyul 2005 12:11 (UTC +04:00)

İyulun 28-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə veteran futbolçu Səməd Qurbanovun qızının ailəsini xüsusi amansızlıqla öldürmuş Vüqar Dadaşovun məhkəməsi başlanacaq.

Bu barədə Trend ə adıçəkilən məhkəmədən məlumat verilib.

Qeyd edək ki, Qazax rayon sakini Vüqar Dadaşov Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvü olub. XTPD tərkibində törətdiyi cinayətlərə görə uzun müddətli həbs cəzasına məhkum edilmiş V.Dadaşov 2002-ci ildə əfv olunaraq azadlığa buraxılıb. Səməd Qurbanovun kürəkəni Pərvin Məmmədzadə ilə eyni orta məktəbdə oxumuş Vüqarın ağır dərəcəli cinayəti törətməsinə səbəb sonuncunun tamah hissləri olub.

2005-ci il 13 mart tarixdə Pərvin Məmmədzadənin Bakı şəhərindəki evinə gələn Vüqar Dadaşov ev sahibinə və onun arvadı Aytən Qurbanovaya bıçaq zərbələri endirib. Mənzildən 276 ABŞ dolları, 500.000 manat, iki ədəd mobil telefon və qızıl əşyaları götürüb. Cinayətin izini itirmək məqsədilə döşəməyə ağ neft tökərək mənzili yandırıb və hadisə yerindən qaçıb. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər yanğını söndürəndən sonra Aytən Qurbanova ilə Pərvin Məmmədzadənin meyitləri ilə yanaşı yataq otağındakı çarpayıdan onların övladı 4 yaşlı Fidanın da kömürə dönmüş meyitini aşkar ediblər. Ekspertlər müəyyən ediblər ki, uşaq yanarkən yatmış vəziyyətdə olub.

Vüqar Dadaşov ibtidai istintaq zamanı ifadəsini bir neçə dəfə dəyişib. İlkin ifadələrində cinayəti etiraf etsə də, sonuncu ifadəsində amansız qətlin üç nəfər ayrı şəxs tərəfindən törədildiyini göstərib.

Xəbər lenti

Xəbər lenti