...

CƏNUBİ QAFQAZ PARLAMENT TƏŞƏBBÜS QRUPUNUN DUBLİNDƏ KEÇİRİLƏN İKİGÜNLÜK KONFRANSI BAŞA ÇATDI

Siyasət Materials 26 İyul 2005 18:38 (UTC +04:00)
CƏNUBİ QAFQAZ PARLAMENT TƏŞƏBBÜS QRUPUNUN DUBLİNDƏ KEÇİRİLƏN İKİGÜNLÜK KONFRANSI BAŞA ÇATDI

LİNKS qeyri-hökumət təşkilatının Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun İrlandiyanın paytaxtı Dublində keçirilən ikigünlük konfransı iyulun 26-da başa çatıb. Bu barədə Trend ə konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Əliməmməd Nuriyev məlumat verib.

Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun prezidenti Siyavuş Novruzovun başçılıq etdiyi nümayəndə heyəti LİNKS təşkilatının I ümumi məclisində iştirak etmək üçün iyulun 24-də Dublinə getmişdi.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Rövşən Rzayev, Ağabəy Əsgərov, Gülər Əhmədova, Əliməmməd Nuriyev və Mirkazım Kazımov daxildirlər. LİNKS-in ümumi məclisində regional münaqişələrin həlli, Avropaya inteqrasiya, Avropa qurumlarında təmsilçilik, Avropa Birliyinin yeni qonşuluq siyasətindən irəli gələn vəzifələr və digər məsələlər müzakirə olunub.

Əliməmməd Nuriyev bildirib ki, iyulun 25-də keçirilən plenar iclasda İrlandiyanın xarici işlər naziri Dermot Axern çıxış edib. Sonra ikigünlük konfransa sədrlik edən Siyavuş Novruzov Təşəbbüs Qrupunun son 6 ay ərzindəki fəaliyyəti, gördüyü işlər barədə hesabat verib. İclasda bir sıra qərarlar qəbul olunub.

İkinci gün-iyulun 26-da isə genişlənən Avropanın yeni qonşuluq siyasəti mövzusunda müzakirələr açılıb. Avropa Yenidənqurma və İnkişaf Bankının sabiq rəhbəri, həmçinin Avropa Birliyinin cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə bölməsinin rəhbərinin çıxışları dinlənilib.

Avropa Birliyinin nümayəndəsi bildirib ki, Cənubi Qafqaz ölkələrində demokratiya güclənməli, insan haqları qorunmalı, bazar iqtisadiyyatı inkişaf etməli, qanunların aliliyi təmin olunmalıdır. Bu öhdəliklər yerinə yetirilərsə, Avropa Birliyi Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı daha da genişləndirəcək.

İclasda müzakirələr zamanı həmçinin qeyd olunub ki, mövcud regional konfliklər, münaqişələr həmin bölgənin inkişafına mane olur, bu münaqişələr danışıqlar yolu ilə nə qədər tez həllini tapsa o qədər faydalıdır.

Konfransın sonunda Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupuna rəhbərlik etmək səlahiyyəti Gürcüstan nümayəndə heyətinə təhvil verildi. İclasdan sonra Siyavuş Novruzov İrlandiyanın parlamentinin sədri Rori Xenronla görüşüb.

Azərbaycan nümayəndə heyəti iyulun 27-də Bakıya qayıdacaq.

Qeyd edək ki, Cənubi Qafqaz Təşəbbüs Qrupuna rəhbərlik 6 aydan bir dəyişilir, quruma son 6 ayda Azərbaycan nümayəndə heyətinin sədri Siyavuş Novruzov rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti