...

ARAZ ƏLİZADƏ: "LALƏ ŞÖVKƏTƏ GÖRƏ AYAZ MÜTƏLLİBOVUN SEÇKİ DAİRƏSİNİ DƏYİŞMƏK FİKRİMİZ YOXDUR"

Siyasət Materials 28 İyul 2005 12:26 (UTC +04:00)

"Bizim Ayaz Mütəllibovun seçki dairəsini dəyişmək fikrimiz yoxdur". Bu sözləri Trend ə açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

Qeyd edək ki, ASDP-nin lideri, eks-prezident Ayaz Mütəllibov və Milli Birlik Hərəkatının lideri, sabiq dövlət katibi Lalə Şövkət hər iki parlament seçkisində namizədliyini Bakının 17 saylı Yasamal seçki dairəsindən irəli sürüb. Müxalifətin iki liderinin eyni seçki dairəsində bir-birinə rəqib olması bu iki şəxsin və onların partiyalarının münasibətlərini korlayıb. Araz Əlizadə isə bildirib ki, ASDP ilə Liberal Partiyasının münasibətləri çoxdan korlanıb: "Biz Lalə Şövkətə görə Ayaz Mütəllibovun seçki dairəsini dəyişmək barədə müzakirə aparmırıq və belə bir fikrimiz də yoxdur. Çünki Azərbaycanda Ayaz Mütəllibovla eyni səviyyədə olan və ona rəqib sayıla biləcək adam görmürük. Liberal Partiya ilə ASDP-nin münasibətləri isə çoxdan pozulub"-deyə Araz Əlizadə vurğulayıb.

Qeyd edək ki, Lalə Şövkətin namizədliyi "Azadlıq" seçki bloku tərəfindən dəstəklənir. A.Əlizadə deyib ki, buna baxmayaraq, "Yeni Siyasət" bloku və ASDP "Azadlıq" bloku ilə əməkdaşlıq edəcək. Onun sözlərinə görə, tərəflər çalışacaqlar ki, bundan sonra liderlərin namizədləri toqquşmasın, bloklar biri digərinin əleyhinə təbliğat aparmasın, liderlərin olduğu seçki dairələrindən namizədlər irəli sürülməsin. Bunun üçün "Yeni Siyasət"lə "Azadlıq" arasında danışıqlar aparılacaq.

Xəbər lenti

Xəbər lenti