...

İQTİDAR-MÜXALİFƏT PARTİYALARININ GÖRÜŞÜNƏ MÜXALİFƏTÇİLƏR NƏ RAZILIQ VERİR, NƏ DƏ İMTİNA EDİRLƏR

Siyasət Materials 28 İyul 2005 13:43 (UTC +04:00)

İyulun 29-da saat 12.00-da Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında iqtidar-müxalifət partiyaları arasında növbəti görüş keçiriləcək. YAP-ın mətbuat xidmətindən Trend ə bildirilib ki, görüşə müxalifətdən Müsavat, Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Demokrat, Vətəndaş Həmrəyliyi və Azərbaycan Milli İstiqlal Partiyalarının sədrləri, iqtidaryönlülərdən - Ana Vətən və Sosial Rifah partiyalarının rəhbərləri, qonaq qismində isə ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi dəvət dəvət olunublar.

YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, müxalifət partiyalarının bu dəvəti qəbul edəcəyinə və görüşün baş tutacağına əmindir. Budəfəki görüşə ev sahibliyi etməli olan Müsavat Partiyasının YAP-ın təşəbbüsü öz üzərinə götürməsinə narazılıq etməsi ilə bağlı fikrini bildirərkən H.Paşayev deyib ki, bu barədə yalnız mətbuat vasitəsilə xəbər tutublar: "Ümumiyyətlə bu görüşə dəvəti nə qəbul, nə də ondan imtina etmələri barədə bu partiyaların heç birindən bizə rəsmi cavab daxil olmayıb. Bundan əvvəlki görüşdə razılaşdırılmışdı ki, növbəti dəyirmi masanın təşkilatçısı Müsavat Partiyası olsun. Lakin iki ay keçməsinə baxmayaraq Müsavat Partiyası heç bir təşəbbüs göstərməyib və bununla iqtidar-müxalifət arasında dialoqun yaranmasında maraqlı olmadığını nümayiş etdirib. Yeni Azərbaycan Partiyası isə iqtidar-müxalifət arasında dialoqun davam etdirilməsi ilə bağlı həm özünün, həm də cəmiyyətin istəyini nəzərə alaraq, görüşlərin yarımçıq qalmaması, tərəflər arasında inamın, etimadın yaranmasına xidmət göstərən belə tədbirlərin iflasa uğramaması üçün növbəti dəfə təşəbbüsü üzərinə götürüb".

Hüseyn Paşayev onu da bildirib ki, əgər narazı qalan müxalifət partiyaları görüşə gəlməsələr belə, dəyirmi masa keçiriləcək: "1-2 partiyanın bu görüşə qatılmaması siyasi proseslərə, iqtidar-müxalifət arasında dialoqun yaranmasına təsir göstərməyəcək. Buna baxmayaraq, bizə bu müxalifət partiyalarını sabahkı görüşdə gözləyirik"-,deyə YAP təmsilçisi vurğulayıb. Onun sözlərinə görə, görüşdə YAP-ı partiya sədrinin müavini Əli Əhmədov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti