...

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ AXCP-NİN "LİDER"İN QARŞISINDA PİKET KEÇİRMƏSİNƏ İCAZƏ VERMƏYİB

Siyasət Materials 28 İyul 2005 18:23 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) iyulun 30-da Lider televiziyasının qarşısında keçirməyi planlaşdırdığı piketinə icazə verməyib. Bu barədə Trend ə AXCP-dən məlumat verilib. Qeyd edək ki, bu televiziyada AXCP sədri Əli Kərimliyə qarşı aparılan qara təbliğata etiraz əlaməti olaraq partiyanın fəalları iyulun 30-da saat 12.00-da "Lider"in binası qarşısında piket keçirməyə qərar verib.

Lakin Bakı Şəhər İcra Hakimiyyəti partiyanın müraciətinə iyulun 28-də verdiyi cavab məktubunda bildirib ki, bu cür problemləri aksiyalar keçirməklə deyil, bir araya gəlib masa arxasında müzakirələr aparmaqla aradan qaldırmaq daha məqsədəuyğundur. "Ona görə də iyulun 30-da saat 12.00-dan 13.00-dək Lider TV-nin binası qarşısında planlaşdırdığınız piketin keçirilməsinə icazə verilmir"-deyə Bakı şəhər İcra Hakimiyyətinin məktubunda deyilir.

AXCP sədrinin müavini Həsən Kərimov bildirib ki, əxlaqsızlığı təbliğ edən və insanların şəxsiyyətini alçaldan televiziya kanalının rəhbərliyi ilə heç bir dialoq ola bilməz. "AXCP sərbəst toplaşmaq azadlığı haqqında qanunu əsas götürərək "Lider" kanalının qarşısında piket keçirəcək"-deyə H.Kərimov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti