...

İQTİDAR-MÜXALİFƏT PARTİYALARI ARASINDA NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLDİ

Siyasət Materials 29 İyul 2005 15:23 (UTC +04:00)
İQTİDAR-MÜXALİFƏT PARTİYALARI ARASINDA NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLDİ

İyulun 29-da Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında iqtidar-müxalifət partiyaları arasında növbəti görüş keçirildi. Trend in məlumatına görə, görüşdə YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, müxalifətdən isə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev, həmçinin ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi iştirak ediblər. "Azadlıq" blokuna daxil olan AXCP, ADP və Müsavat partiyaları isə görüşə qatılmaqdan imtina ediblər.

YAP-ın təşkilatçılığı ilə keçirilən dəyirmi masada əvvəldən də nəzərdə tutulduğu kimi siyasi partiyaların maliyyə şəffaflığı məsələsi müzakirəyə çıxarılıb. Görüş iştirakçıları Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların maliyyə mənbələrinin şəffaflığının təmin edilməsinin vacibliyini vurğulayaraq xaricdən maliyyələşmə ilə bağlı öz fikirlərini bildiriblər.

Partiyaların şəffaflığının təmin olunması üçün "Siyasi partiyalar haqqında" qanuna bir sıra əlavə və dəyişikliklər edilməsi təklifi də irəli sürülüb.

Bunun üçün partiyalar arasında məsləhətləşmələr aparılması və əgər razılıq əldə olunarsa, Milli Məclisin sentyabrda işə başlayacaq sessiyasında konkret təklif irəli sürülməsi nəzərdə tutulub. "Siyasi partiyalar haqqında" qanunda partiyaların xaricdən maliyyələşdirilməsi ilə bağlı hüquqi mexanizmlərin daha dəqiq və aydın şəkildə əksini tapması fikri dəstəklənib.

Görüş iştirakçıları partiyalar arasında razılaşmalar əldə olunarsa, sözügedən məsələ ilə bağlı hökumətə konret təkliflər təqdim olununmasını da mümkün hesab ediblər.

Dəyirmi masada həmçinin Azərbaycanın kütləvi informasiya vasitələrində əxlaqdan kənar materialların yer alması, "qara piar" kampaniyasının aparılması məsələsi də müzakirə edilib və belə hallar pislənilib.

Görüşdə qərara alınıb ki, iqtidar-müxalifət partiyaları arasında növbəti görüş avqustun birinci yarısında Vətəndaş Həmrəyliyi Partiyasında keçirilsin.

Xəbər lenti

Xəbər lenti