...

ƏLİ ƏHMƏDOV: "SİYASİ PARTİYALARIN BİR ARAYA GƏLİB BİR-BİRİNİ DİNLƏMƏSİ ARTIQ BİR NƏTİCƏDİR"

Siyasət Materials 29 İyul 2005 16:54 (UTC +04:00)

İyulun 29-da Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında iqtidar-müxalifət partiyaları arasında keçirilən görüşdən sonra YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov jurnalistlərə müsahibə verib. Trend in məlumatına görə, həmin görüşdə Əli Əhmədovla bərabər YAP icra katibinin müavini Mübariz Qurbanlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Sosail Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, müxalifətdən isə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev, həmçinin ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi iştirak ediblər.
- Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən budəfəki dəyirmi masada əvvəldən də nəzərdə tutulduğu kimi siyasi partiyaların maliyyə şəffaflığı məsələsi müzakirəyə çıxarıldı. Görüş iştirakçıları Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların maliyyə mənbələrinin şəffaflığının təmin edilməsinin vacibliyini vurğuladılar, xaricdən maliyyələşmə ilə bağlı öz fikirlərini bildirdilər.

Partiyaların şəffaflığın təmin olunması üçün "Siyasi partiyalar haqqında" qanuna bir sıra əlavə və dəyişikliklər edilməsi təklifi də gündəmə gətirildi. Bunun üçün partiyalar arasında məsləhətləşmələr aparılması nəzərdə tutulub.

Əgər partiyalar arasında razılıq əldə olunarsa, Milli Məclisin sentyabrda işə başlayacaq sessiyasında konkret təklif irəli sürülə bilər. "Siyasi partiyalar haqqında" qanunda partiyaların xaricdən maliyyələşməsi ilə bağlı hüquqi mexanizmlər daha dəqiq və aydın şəkildə əksini tapa bilər.

Görüş iştirakçıları arasında siyasi partiyaların hökumət tərəfindən maliyyələşməsi ilə bağlı razılaşmalar əld
ə olunarsa, hökumətə bu barədə konret təkliflər təqdim olununması da mümkündür.

Görüşdə qərara alınıb ki, iqtidar-müxalifət partiyaları arasında dialoq çərçivəsində növbəti görüş avqustun birinci yarısında Vətəndaş Həmrəyliyi Partiyasında keçirilsin.
- Görüşdə siyasətçilərə qarşı "qara piar" kampaniyasının aparılması ilə bağlı hansı fikirlər səslənib?
- Dəyirmi masada bu məsələ müzakirəyə çıxarıldı. Azərbaycanın kütləvi informasiya vasitələrində əxlaqdan kənar, milli mentalitetə zidd materialların yer alması, "qara piar" kampaniyasının aparılması halları pislənilib.

Biz siyasi etikaya zidd gələn yazıları birmənalı şəkildə pisləyirik və həm siyasi partiyaları, həm də mətbuat nümayəndələrini belə üsullardan çəkinməyə çağırırıq.
- "Azadlıq" blokuna daxil olan AXCP, ADP və Müsavat partiyalarının görüşdə iştirak etməməsi necə qarşılandı?
- Biz "Azadlıq" bloku üzvlərinin görüşə qatılmamasına təəssüfümüzü bildirdik. Biz istərdik ki, onlar bu görüşdə iştirak etsinlər.

Ancaq təəssüf ki, Müsavat Partiyası bu görüşdə iştirak etməməsi ilə bağlı bizə bu gün cavab məktubu göndərib və bizim müzakirəyə çıxardığımız məsələyə etirazını bildirib. Biz bu yanaşmanı başa düşmürük. Əgər onların hər hansı etirazları, əks arqumentləri varsa, dəyirmi masa arxasında öz fikirlərini deyə bilərlər.

Müsavat və ditgər partiyalar hər hansı məsələni müzakirəyə çıxarmaq istəyirlərsə, biz buna hazırıq və təbii ki, bu müzakirələrdə iştirak edəcəyik. Biz istənilən mövzu ətrafında istənilən formada polemika aparmağa hazırıq və müzakirələr üçün heç bir mövzuya qadağa qoymuruq. Biz hər bir partiyanın istənilən məsələni müzakirəyə çıxarmaq hüququna hörmətlə yanaşırıq.

Eyni zamanda qarşı tərəfdən də bunu gözdəyirik ki, opponetlərimiz bizim bu və ya digər məsələni müzakirəyə çıxarmaq hüququmuzu hörmətlə qarşılasın. Bu mənada "Azadlıq" blokunun qərarına yalnız təəssüf etdik. Amma b
u fikrimizi də ifadə etdik ki, "Azadlıq" blokuna daxil olan partiyalar bundan sonra keçiriləcək görüşlərdə iştirak edə bilərlər.
- Belə görüşlərin davam etdirilməsi əhəmiyyətli nəticə verəcəkmi?
- Hesab edirik ki, hər hansı qərarın qəbul edilib-edilməməsindən asılı olmayaraq, ayrı-ayrı siyasi partiyaların bir araya gəlməsi, müzakirələr aparması özü bir nəticədir.

Bu, partiyalararası anlaşmanın əldə olunması, cəmiyyətdəki siyasi gərginliyin azaldılması, siyasi prosesləri uğurlu istiqamətə yönəldilməsi baxımından əhəmiyyətlidir.

Üç müxalifət partiyasının qatılmamasının nəticəyə o qədər də təsir göstərmədiyini düşünürəm. Çünki mən hesab etmirəm ki, Azərbaycanda müxalifət yalnız "Azadlıq" blokudur.

Digər müxalifət partiyaları da var. Bugünkü görüşdə iştirak edən partiyalar özləri tanınmış müxalifət təşkilatlarıdır. Onların görüşdə iştirakı bunu göstərir ki, iqtidar və müxalifət arasında dialoq davam edir.
- Müsavat Partiyası növbəti dəyirmi masanı özü təşkil edib partiyaları dəvət etsə, bu görüş baş tutacaqmı?
- Partiyalararası növbəti görüş artıq təyin olunub. Avqustun birinci yarısında Vətəndaş Həmrəyliyi Partiyasının təşkilatçılığı ilə növbəti dəyirmi masa keçiriləcək. Bu tədbirin mövzularını da artıq müəyyən etmişik. Ondan sonra Müsavat Partiyası istəsə, görüş təşkil edə bilər, biz buna etiraz etmirik.

Çünki bizim üçün iqtidar-müxalifət apasında görüşün kimin tərəfindən təşkil olunması və harada keçirilməsi həlledici məsələ deyil. Bizim üçün prosesin özü əhəmiyyətlidir. Əsas məsələ odur ki, iqtida-müxalifət arasında görüş baş tutsun, biz yığışa bilək, hər hansı məsələ ətrafında fikirlərimizi bildirək.

Daha yaxşı olardı ki, sonda bir qərar da qəbul edək. Amma qərar qəbul edə bilməsək belə, bu da faciə deyil. Bir-birini dinləmək, başa düşmək artıq bir nəticədir.
- Növbəti dəfə görüşlərin formatında dəyişiklik ola bilərmi?
- Bəli, mümkündür. Bu məsələ də müzakirə mövzusuna çevrilə bilər. Formatla bağlı əvvəllər də fikir mübadiləsi aparmışdıq. Format dəyişdirilə, yeni detallar əlavə edilə bilər.

Ən məqbul variantın üzərində dayanıb onu qəbul edə bilərik. Azərbaycanda uzun illər iqtidar-müxalifət partiyaları bir araya gəlib bir-birini dinləyə bilmirdilər.

Amma indi artıq üç dəfə belə görüş keçirilib, ən sərt mövzuları müzakirə etmişik, səbrli olub bir-birimizin fikirlərini dinləmişik, arqumentlərimizi qəbul etmişik. Əlbəttə, bundan da artıq nailiyyət əldə etmək lazımdır. Bu nəticələrə istinad edərək gələcəkdə daha önəmli uğurlar əldə edə bilərik.

Xəbər lenti

Xəbər lenti