...

AZƏRBAYCAN VƏ ASİYA İNKİŞAF BANKI QRANT SAZİŞİ İMZALAYIB

Siyasət Materials 2 Avqust 2005 16:38 (UTC +04:00)

İqtisadi inkişaf nazirliyinin (İİN) şəxsində Azərbaycan hökuməti və Asiya inkişaf bankı (AİB) qrant sazişi imzalayıb. Trend agentliyi bildirir ki, həmin saziş 2006-2015-ci illərdə yoxsulluğun azaldılması və gələcək insan inkişafı Dövlət proqramının hazırlanmasının gerçəkləşdirilməsi üçün Azərbaycana $850 min həcmində maliyyələşdirilmənin təqdim edilməsi məsələlərini tənzimləyir.

Sənədi iqtisadi inkişaf naziri Fərhad Əliyev və AİB-nin Bakı ofisinin rəhbəri Mettyu Uestfol imzalayıb.

F.Əliyev qeyd edib ki, layihənin ümumi dəyəri $1070 min təşkil edir ki, bundan $850 min AİB, $220 min ölkə hökumətinin payına düşür. F.Əliyev bildirir ki, yoxsulluğun azaldılması və iqtisadi inkişaf Proqramının gerçəkləşdirildiyi andan etibarən 2002-2005-ci illərdə yoxsulluğun səviyyəsi 49% azaldılıb.

Mettyu Uestfol deyib ki, AİB üçün yoxsulluğun azaldılması və həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı olan layihələrin gerçəkləşdirilməsi son dərəcə əhəmiyyətlidir.

Qeyd edək ki, həmin qrant minilliyin inkişafı Məqsədinin əldə olunması şərtilə 2015-ci ilədək yoxsulluğun azaldılması və daimi inkişafa dair ardıcıl strategiyanın hazırlanması üzrə Birgə bəyannamənin gerçəkləşdirilməsi komponentlərindən biridir.

Həmin bəyannamə mayın 12-də Azərbaycan hökuməti ilə AİB, AYİB, BVF, BMT İnkişaf Proqramı (BMTİP) və Dünya Bankının missiya əlaqələndiriciləri arasında imzalanmışdı.

Bəyannaməyə əsasən, adı çəkilən beynəlxalq qurumlar "İqtisadi inkişaf və yoxsulluğun azaldılması Dövlət proqramı" çərçivsəində birgə layihələrin davamını məqsədyönlü hesab edir.

İmzalanmış sənəddə qeyd olunur ki, Azərbaycan hökuməti 2006-2015-ci illəri əhatə edən davamlı inkişaf strategiyasının işlənib-hazırlanması məqsədini qarşıya qoyub. Strategiya hökumətin 2015-ci ildə yoxsulluğun azaldılması üzrə siyasi prioritetlərini və minilliyin inkişafı Məqsədinin əldə olunmasını müəyyən edir.

Siyasi prioritetlər ictimaiyyətin geniş təbəqələri arasında müzakirə yolu ilə müəyyən ediləcək və büdcənin mədaxil və məxaric proqnozu ilə razılaşdırılacaq. Bununla yanaşı, beynəlxalq maliyyə təşkilatları müvafiq monitorinq həyata keçirəcək.

Xüsusilə AİB Dövlət proqramının gerçəkləşdirilməsinin nəticələrini qiymətləndirməyə başlayacaq, büdcənin tərtibində, smeta məxariclərində texniki dəstək göstərəcək və müvafiq monitorinq keçirəcək; AYİB Azərbaycanda kiçik və orta sahibkarlığa, idarəetmənin gücləndirilməsinə fəal dəstək göstərəcək; BVF texniki yardım göstərəcək, keçiriləcən tədbirlərdə büdcənin tərtibinə kömək edəcək və onların icrası prosesində əlaqələndirici olacaq, BMTİP regional və ümumrespublika səviyyəsində yoxsulluq monitorinqində təşkilati texniki dəstək göstərəcək, DB öz növbəti ölkəyə yardım göstərilməsi Strategiyasında yeni humanitar strategiyanın prioritetlərini təmin edəcək. Beynəlxalq maliyyə təşkilatları ilə Azərbaycan hökuməti arasında müzakirələr cari ilin may ayından başlayıb, strategiya hazırlığı və smeta xərcləri dekabrda başa çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti