...

HÜQUQŞÜNASLARIN SEÇKİ BLOKU QANUNSUZ TƏBLİĞATLA BAĞLI KİV-LƏRƏ MÜRACİƏT EDİB

Siyasət Materials 4 Avqust 2005 19:15 (UTC +04:00)

"Parlament-2005" Hüquqşünasların Seçki Bloku qarşıdan gələn seçkilərlə bağlı kütləvi informasiya vasitələrində getdikcə geniş yayılmaqda olan qanunsuz, əxlaqa və mənəvi dəyərlərə zidd təşviqat və təbliğatla bağlı müraciət qəbul edib. Seçki Blokundan Trend ə verilən məlumata görə, qurum mediada yayılan belə hallardan ciddi şəkildə narahatlığını bildirərək bütün bunlara son qoyulması barədə çağırış və tələblərə qoşulub.

"Müxtəlif siyasi qütblərdə dayanan KİV-lərdə, xüsusilə hakimiyyətin nəzarəti altında olan elektron informasiya vasitələrində ayrı-ayrı şəxslərə qarşı aparılan qeyri-etik kampaniyalar oxşar xarakterli əks reaksiyalar doğurur.

Qəzetlərin səhifələri heç bir dəyəri olmayan, əksinə, milli mentalitetə ləkə vuran, qanunvericiliyin tələblərini kobud şəkildə pozan yazılarla dolur, cəmiyyətdə düşmənçilik ovqatı güclənir. Qarşı duran tərəflərin radikallaşması isə cəmiyyət üçün arzuolunmaz nəticələrin baş verməsinə şərait yaradır"-deyə müraciətdə bildirilir.

Hüquqşünaslar bloku hesab edir ki, media orqanlarında gedən qeyri-etik kampaniyalar parlament seçkilərinə inamı azaldır, insanların seçkilərə daha da laqeyd yanaşmasına səbəb olur. fikir və söz azadlığının, Seçki Məcəlləsinin və digər qanunların pozulması normal, ədalətli seçkilərin keçirilməsinə ciddi əngəllər törədir.

Blok bəyan edib ki, belə hərəkətlərin qarşısı qanunun gücü ilə alınmalı, qanunvericiliyin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb edilməlidir. Hüquqşünasların Seçki Bloku seçki prosesi iştirakçılarını xalqımızın adət-ənənələrinə, ölkə qanunvericiliyinə, beynəlxalq normalara uyğun fəaliyyət göstərməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti