...

HÜQUQŞÜNASLARIN SEÇKİ BLOKU ŞƏXSİYYƏT VƏSİQƏLƏRİ İLƏ BAĞLI MSK-NIN FƏALİYYƏTİNİN MONİTORİNQİNİ APARIB

Siyasət Materials 5 Avqust 2005 19:09 (UTC +04:00)

Hüquqşünasların Seçki Bloku namizədlərin müdafiəsi və seçicilərin səsvermədə iştirakının təminatı ilə bağlı MSK-nın fəaliyyətinin monitorinqini aparıb. Bu barədə Trend ə seçki blokundan məlumat verilib.

Monitorinqin nəticələrinə əsasən, blok üzvləri bu qənaətə gəlib ki, seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi prosesində nöqsanlar və MSK-nın fəaliyyətsizliyi var. Seçki Məcəlləsi MSK-ya səlahiyyət verib ki, seçkidə iştiraka əsas verən sənədlərin siyahısını müəyyən etsin.

MSK sədri bu yaxınlarda mətbuata verdiyi açıqlamada vətəndaşların müvəqqəti şəxsiyyət vəsiqəsi dedikdə 7 saylı formanın nəzərdə tutulduğunu bildirib.

Hüquqşünaslar isə bildiriblər ki, 7 saylı forma ilə namizədin müdafiəsi məqsədilə seçici imzalarının toplanması və səsvermə üçün seçki bülleteninin alınması Seçki Məcəlləsinin tələblərinə ziddir. Çünki 7 saylı formada həmin sənədin seriyası və nömrəsi göstərilmir.

Hüquqşünasların fikrincə, MSK-nın Qaçqınların və Məcburi Koçkünlərin İşləri üzrə Dövlət Komitəsi və onun yerli qurumları tərəfindən verilən vəsiqələrin şəxsiyyəti təsdiq edən sənəd kimi tanınması da qanuna və məntiqə ziddir.

Bundan başqa, qanunun tələblərinə zidd olaraq, seçici vəsiqələrinin vətəndaşlara verilməsi prosesində əsassız gecikdirmə hallarına yol verilir.

Hesablamalar göstərir ki, bu günə kimi seçicilər siyahısında olan vətəndaşların cəmi 30 faizi seçici vəsiqələri ilə təmin olunmuşdur ki, bu da çox aşağı göstəricidir.

Hüquqşünasların Seçki Bloku yaranmış vəziyyətdən narahat olduğunu bildirib, MSK-dan Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə əməl etməyi, qanunvericiliyə zidd aktların qəbulunu dayandırmağı tələb edib.

Xəbər lenti

Xəbər lenti