...

AQŞİN MEHDİYEV: AZƏRBAYCANIN AVROPA ŞURASINDA NÜFUZU DURMADAN ARTIR

Siyasət Materials 6 Avqust 2005 12:36 (UTC +04:00)
AQŞİN MEHDİYEV: AZƏRBAYCANIN AVROPA ŞURASINDA NÜFUZU DURMADAN ARTIR

"Azərbaycanın Avropa Şurasındakı mövqeyi daim möhkəmlənir, Bakı nümayəndələrinin nüfuzu isə durmadan artır". Bunu Trend ə eksklüziv müsahibəsində Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Aqşin Mehdiyev bildirib.

Onun sözlərinə görə, rəsmi Bakıya münasibətdə müsbət tendensiya Avropa Şurası Nazirlər Kabinetinin monitorinq qrupunun Bakıya səfərinin yekunları üzrə sonuncu dinləmələr zamanı müşahidə olunub. "Aqo qrupunun üzvləri rəsmi Bakı tərəfindən həyata keçirilən demokratik islahatları yüksək qiymətləndiriblər və bu dinləmələr Azərbaycanın Avropa Şurasında mövqeyinin möhkəmlənməsinə son dərəcə müsbət təsir edib", - deyə Azərbaycanın AŞ-dəkı daimi nümayəndəsi qeyd edib.

AŞ PA-nın monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Andreas Qrossun rəsmi Bakının ünvanına tənqidi bəyanatlarına münasibət bildirən A.Mehdiyev bildirib ki, "Azərbaycan üzrə məruzəçilər kimi A.Herkel və A.Qross çox zəifdirlər".

Azərbaycanın AŞ-dəkı nümayəndəsi xatırladıb ki, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəndlərin Azərbaycandakı vəziyyətlə bağlı məruzələrin mətnlərinə daxil edilməsi təklifi ilə həmməruzəçilərə dəfələrlə müraciət edib.

"Azərbaycanda Dağlıq Qarabağ probleminin istənilən təhlili obyektiv ola bilməz. Ölkə ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunmasını qeyd etmədən Azərbaycanda daxili siyasi vəziyyətdən necə danışmaq olar? Dağlıq Qarabağ probleminin nizamlanmaması birbaşa olaraq Azərbaycanın ictimai həyatının bütün sahələrinə təsir edir", - deyə A.Mehdiyev bildirib.

"Bu məsələyə əhəmiyyət vermədən Azərbaycandakı vəziyyətdən danışmaq absurddur. Buna görə də Herkel və Qrossun hesabatların ciddi qəbul etmək lazım deyil", - deyə A.Mehdiyev vurğulayıb. O, həmçinin bu yaxınlarda A.Qorossun müxalifət nümayəndələrinə ölkə parlamentində 25 yerin ayrılmasının zəruriliyinə dair çıxışını xatırladıb.

"Bu, hər hansı bir partiyaya ölkə parlamentində ayrılacaq yerlərin sayının qabaqcadan elan edildiyi demokratiyanın yeni formasıdır. Hər iki məruzəçi - Azərbaycandakı vəziyyətə dair ciddi sənəd hazırlaya bilməyən şəxslərdir", - deyə A.Mehdiyev qeyd edib.

AŞ-nin Venesiya komissiyası (VK) ilə əməkdaşlıq məsələsinə toxunaraq, A.Mehdiyev vurğulayıb ki, Azərbaycanın VK ilə əlaqələrinin inkişafı daimi xarakter daşıyır. "Bu yaxınlarda ekspertlər səviyyəsində danışıqlar baş tutub və bu danışıqlarda Seçki Məcəlləsinə düzəlişlərin edilməsi məsələsi müzakirə olunub.

Bəzi düzəlişlər razılaşdırılıb, bir sıra məsələlərdə isə tərəflər öz fikirlərində qalıblar. SM-in son variantının VK-ya təqdim olunmasının gecikdirilməsinə dair bəyanatlar isə sırf formal xarakter daşıyır", - deyə A.Mehdiyev bildirib.

Eyni zamanda Azərbaycanın AŞ-dəkı nümayəndəsi qeyd edib ki, AŞ PA-nın oktyabr sessiyasının gündəliyi hələlik işlənib hazırlanmayıb və Azərbaycanla bağlı hər hansı bir sənədə baxılması gözlənilmir.

Avropa Şurası komissiyasının Dağlıq Qarabağ üzrə fəaliyyətinə toxunaraq, A.Mehdiyev xatırladıb ki, Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələnin AŞPA-nın gündəliyinə daxil edilməsi ideyası Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə məxsusdur.

"Bu strukturun yaradılmasında məqsəd nüfuzlu beynəlxalq təşkilat kimi AŞ-ni Qarabağ probleminnin nizamlanması prosesində iştiraka cəlb etmək, onun imkanlarından ATƏT-in Minsk qrupunun fəaliyyətinin alternativi kimi deyil, əlavə amil kimi istifadə etməkdir", - deyə diplomat bildirib.

"Devis-Atkinsonun məruzəsi - erməni-azərbaycan münaqişəsini işıqlandıran ilk obyektiv sənəddir. Bu sənədin heç bir praktiki əhəmiyyətə malik olmamasına dair Ermənistan tərəfinin bəyanatları doğru deyil. Bu sənəd mahiyyətinə görə "münaqişə ilə bağlı erməniləri öz mövqelərini yenidən gözdən keçirməyə çağıran son zəngdir".

AŞ PA çərçivəsində münaqişələrin həlli ilə məşğul olan komitə yaradılıb və bu o deməkdir ki, nə AŞ PA, nə də Avropa Şurası bu məsələnin həllini diqqətdən kənarda qoymaq niyyətində deyil", - deyə A.Mehdiyev vurğulayıb.

Onun fikrincə, AŞ 46 dövləti birləşdirən nüfuzlu təşkilatdır və Devis-Atkinsonun məruzəsi onun mövqeyini əks etdirir. Bununla hamı hesablaşmalıdır. "Mən belə hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin BMT-nin Baş Assambleyasının gündəliyinə daxil edilməsi məsələsi kimi, bu məsələnin də AŞ PA-da müzakirəsi danışıqlar prosesini sürətləndirən amillərdir", - deyə A.Mehdiyev qeyd edib.

Bununla yanaşı, diplomat onu da bildirib ki, siyasi məhbusların məsələsi artıq AŞ-nin gündəliyindən çıxarılıb. "Vaxtilə AŞ-yə banditlərin də adlarının daxil edildiyi "716 nəfərin siyahısı" təqdim edilmişdi. Lakin respublika strukturlarının AŞ nümayəndələri ilə apardığı iş nəticəsində bu siyahını "bağlamaq" mümkün olub. AŞ -də belə siyahılara baxılmaması razılaşdırılıb.

Bu məsələ daxili dialoq aparmaqla həll olunmalıdır və belə mövzuların beynəlxalq təşkilatların gündəliyinə daxil edilməsi Azərbaycanın nüfuzuna mənfi təsir edir", - deyə diplomat qeyd edib.

A.Mehdiyev həmçinin sentyabrın əvvəllərində AŞ-nin baş katibi Terri Devisin Azərbaycana gözlənilən səfərinin məqsədləri barədə öz fikrini bildirib.

Onun sözlərinə görə, səfər zamanı Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunacaq, həmçinin ölkədə seçkiqabağı proseslərə dair fikir mübadiləsi aparılacaq.

"Bu Terri Devisin AŞ-nin baş katibi kimi Azərbaycana ilk səfəri olacaq və qarşıdakı danışıqlar bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrin inkişafına təkan verəcək", - deyə diplomat vurğulayıb.

Sonda A.Mehdiyev Avropa Şurasının insan hüquqları üzrə yeni Komissarının seçilməsi məsələsinə toxunaraq, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın bu vəzifəyə namizədliyinin irəli sürülməsini "uğurlu diplomatik gediş" adlandırıb.

"E.Süleymanova AŞ-nin insan hüquqları üzrə Komissarı vəzifəsinə 80 pretendent sırasına daxildir. O, həmçinin müsəlman ölkəsindən yeganə qadındır", - deyə A.Mehdiyev vurğulayıb.

"Bu məsələnin dinlənilməsi sentyabrayına təyin olunub. Son qərar isə AŞ PA-nın oktyabr sessiyasında qəbul ediləcək. Lakin AŞ PA-nın sesiyyasının qərarından asılı olmayaraq onun namizədliyinin irəli sürülməsi faktı Azərbaycanın ən böyük uğurudur", - deyə Azərbaycanın AŞ-dəki daimi nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti