...

TAHİR TAĞIZADƏ: VAŞİNQTON İLƏ BAKININ DEMOKRATİK İNSTİTUTLARIN İNKİŞAFI ÜZRƏ MÖVQEYİ TAMAMİLƏ UYĞUNDUR

Siyasət Materials 9 Avqust 2005 18:00 (UTC +04:00)
TAHİR TAĞIZADƏ: VAŞİNQTON İLƏ BAKININ DEMOKRATİK İNSTİTUTLARIN İNKİŞAFI ÜZRƏ MÖVQEYİ TAMAMİLƏ UYĞUNDUR

Vaşinqton ilə Bakının demokratik institutların inkişafı üzrə mövqeyi tamamilə uyğundur. Trend agentliyi xəbər verir ki, avqustun 9-da Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovun Vaşinqton səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransında respublika xarici siyasət idarəsinin informasiya və mətbuat idarəsinin rəisi Tahir Tağızadə bu bəyanatla çıxış edib.

"Vaşinqton ölkədə demokratiyanın inkişafı, açıq, ədalətli seçkilərin keçirilməsi sahəsində Azərbaycan rəhbərliyini tamamilə dəstəkləyir"-deyə AR XİN nümayəndəsi bildirib.

Tağızadə qeyd edib ki, E.Məmmədyarovun Vaşinqtona səfərində əsas diqqət Azərbaycanla Vaşinqton arasında strateji tərəfdaşlığın inkişafı məsələlərinin müzakirəsinə ayrılıb.

Həmçinin Azərbaycanın Avropa strukturlarına inteqrasiyası, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, terrorizmlə mübarizə, respublikada demokratik islahatlara aid fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunan T. Tağızadə qeyd edib ki, ABŞ rəhbərliyi, xüsusilə dövlət katibi Kondoliza Rays Ermənistan-Azərbaycan münaqişəsinin həllində sülh danışıqlarının davam etdirilməsinə tərəfdardır."Ağ Ev yüksək səviyyədə keçirilən danışıqlara böyük əhəmiyyət verir.Xüsusilə Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı Kazan görüşünə böyük önəm verir"-deyə XİN idarə rəisi bildirib.

Eyni zamanda Tağızadə qeyd edib ki, keçirilən səfərdə ABŞ-nın Azərbaycanda hərbi bazalar yerləşdirməsi mövzusu müzakirə edilməyib.

Sonda T.Tağızadə Azərbaycan dövlət başçısı İlham Əliyevin ABŞ-a səfərinə hazırlıq məsələsinə toxunub.O, qeyd edib ki, həmin məsələ Məmmədyarovun Vaşinqtona səfərində müzakirə edilməyib.

"Azərbaycan səfirliyi həmin səfərə hazırlıq üzrə fəal iş aparır.Amma səfərin müddəti hələlik məlum deyil"-deyə XİN nümayəndəsi bildirib.O, qeyd edib ki, səfərin tarixinə dair məsələ Amerika tərəfi ilə razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti