...

AVQUSTUN 10-DA VHP-DƏ KEÇİRİLƏCƏK İQTİDAR-MÜXALİFƏT PARTİYALARININ GÖRÜŞÜ TƏXİRƏ SALINDI

Siyasət Materials 9 Avqust 2005 19:42 (UTC +04:00)

Avqustun 10-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçirilməsi planlaşdırılan iqtidar-müxalifət partiyalarının görüşü təxirə salındı. Bu barədə Trend ə VHP sədri Sabir Rüstəmxanlı məlumat verib. O, bildirib ki, avqustun 9-da iqtidar tərəfinin təmsilçiləri ilə telefon əlaqəsi saxlayıb, onların iştirakı ilə maraqlanıb.

İqtidar tərəfini təmsil edən üç partiya - Yeni Azərbaycan, Ana Vətən və Sosial Rifah partiyalarının rəhbərləri AXCP-nin təmsil olunacağı təqdirdə həmin görüşdə iştirak etməyəcəklərini bildiriblər. Lakin iqtidar təmsilçiləri siyasi qüvvələr arasında danışıqların davam etldirilməsinin zəruri olduğunu deyiblər.

"Biz də yaranmış bu vəziyyəti partiyanın Siyasi Şurasında müzakirə etdik və qərara gəldik ki, avqustun 10-da keçirilməli olan görüşü təxirə salaq. Çünki iqtidarı təmsil edən üç partiyanın iştirakı olmadan dialoq adı ilə görüşü keçirməyə ehtiyac yoxdur.

Çünki bu format artıq iqtidar-müxalifət görüşü deyil, sadəcə müxalifət partiyalarının görüşü olacaq. Qərara aldıq ki, bir müddət keçsin və yaranmış indiki gərginlik azalsın. Vəziyyət sabitləşən kimi yenidən iqtidar-müxalifət partiyalarının görüşünün baş tutmasına üçün cəhd göstərəcəm"-deyə Sabir Rüstəmxanlı bildirib.

VHP sədrinin sözlərinə görə, görüşün təxirə salınmasına baxmayaraq, iqtidar partiyaları təmsilçiləri ilə apardığı danışıqlardan bu qənaətə gəlib ki, iqtidar-müxalifət dialoquna nöqtə qoylmayıb. Yəni, yaranmış indiki narazılıq bu prosesin sonu demək deyil. VHP sədri həm iqtidar, həm də müxalifət partiyaları ilə əlaqələrini və növbəti görüşlə bağlı danışıqları davam etdirəcəyini bildirib. O, indiki görüşün təxirə salınması ilə bağlı bütün iştirakçı partiyalara məktub göndərildiyini deyib.

Qeyd edək ki, iqtidar partiyalarından fərqli olaraq, "Azadlıq" blokuna daxil olan üç müxalifət partiyası avqustun 10-da keçiriləcək görüşdə iştirak etməyə qərar vermişdi.

Xəbər lenti

Xəbər lenti