...

MİLLİ DEMOKRAT PARTİYASININ ƏDLİYYƏ NAZİRLİYİ QARŞISINDA PİKET KEÇİRMƏK CƏHDİNİN QARŞISI ALINIB

Siyasət Materials 10 Avqust 2005 13:56 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) avqustun 10-da saat 11.00 radələrində Ədliyyə Nazirliyinin qarşısında keçirilməsi planlaşdırılan piketi dağıdılıb.

Trend in məlumatına görə, icazəsiz aksiya keçirməyə çalışan partiya fəallarının cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Səhər saat 8.00 radələrindən əraziyə polis dəstələri cəlb olunub, nazirliyin qarşısını əhatə ediblər.

Nəzərdə tutulan vaxt nazirliyin qarşısına toplaşan 50-ə yaxın partiya üzvünü polislər binaya yaxına buraxmayıblar və piketi keçirməyə, şüarlar səsləndirmələrinə imkan verməyiblər. Milli Demokrat Partiyasının iki nəfər üzvü saxlanılaraq polis şöbəsinə aparılıb.

Piket keçirmək cəhdləri baş tutmasa da, partiya fəalları aksiyanın qətnaməsini Ədliyyə Nazirliyində ümumi şöbəyə təqdim ediblər.

Qətnamədə deyilir ki, AMDP-nin dövlət qeydiyyatına alınması ilə sənədlərin Ədliyyə Nazirliyinə təqdim olunmasından 200 gün keçməsinə baxmayaraq ərizəyə rəsmi cavab verilmir, qarşı tərəfdən bu məsələyə heç bir aydınlıq gətirilmir.

Partiya fəalları AMDP-nin dövlət qeydiyyatına alınmasına dair şəhadətnamənin və dövlət reyestrindən çıxarışın partiyaya təqdim olunmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti