...

HÜQUQ MÜDAFİƏÇİLƏRİ SİYASİ MƏHBUSLAR ÜZRƏ İŞÇİ QRUPUNDAN ÇIXMAĞA HAZIRLAŞIR

Siyasət Materials 10 Avqust 2005 18:38 (UTC +04:00)

Hüquq müdafiəçiləri dövlət orqanlarının nümayəndələri ilə birgə təmsil olunduqları işçi qrupunun tərkibindən çıxa bilərlər. Bu barədə Trend ə siyasi məhbuslar problemi ilə bağlı yaradılmış işçi qrupunun üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə məlumat verib.

Onun sözlərinə görə, işçi qrupunun dövlət orqanlarından olan üzvləri növbəti iclasın vaxtını yubadırlar, iyul ayının 22-nə, daha sonra avqustun ilk günlərinə təyin olunmuş görüşlər hər dəfə təxirə salınıb. İşçi qrupunda təmsil olunan millət vəkilləri buna səbəb kimi qarşıdan gələn parlament seçkilərinə hazırlaşması, imza toplama kampaniyası ilə məşğul olmalarını əsas gətiriblər.

Lakin hüquq müdafiəçiləri bu fikirlərlə razılaşmayıb və qarşı tərəfin səbəbləri əsassız hesab edirlər. "İmzatoplama kampaniyası cəmi bir neçə gün vaxt aparan prosesdir və namizədlər şəxsən özləri iştirak etmirlər. Ona görə də bu, əsassız səbəbdir. Qarşı tərəfin bu qədər vaxt uzatması, süründürməçilik etməsi başa düşülmür.

Biz hüquq müdafiəçiləri iclasın əsassız yerə uzadılmasına etiraz olaraq bildiririk ki, gələn həftənin ilk gününə də iclas təyin olunmasa, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri işçi qrupundan çıxacaqlar"- deyə Ç.Qənizadə bildirib. Onun sözlərinə görə, işçi qrupunda təmsil olunan 10 nəfər hüquq müdafiəçisindən 8-i artıq bu barədə qərarını verib.

Xəbər lenti

Xəbər lenti