...

E.MƏMMƏDYAROV: XİN SƏVİYYƏSİNDƏ RAZILIQ ƏLDƏ OLUNDUĞU HALDA AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİ KONKRET SƏNƏD ÜZƏRİNDƏ İŞLƏRƏ BAŞLAMAĞA DAİR GÖSTƏRİŞ VERƏ BİLƏRLƏR

Siyasət Materials 16 Avqust 2005 12:46 (UTC +04:00)

"Tərəflərin Xarici İşlər Nazirlikləri səviyyəsində hər hansı bir razılığa gəldiyi təqdirdə, prezidentlər alınmış məlumatlar əsasında hər hansı bir konkret sənəd üzərində işə başlamaq haqqında göstəriş verə bilərlər". Trend in məlumatına görə, belə bəyanatla Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov çıxış edib.

"Biz heç bir konkret sənəd üzərində işləmirik və hər hansı bir razılığın əldə olunmasından danışmaq hələ tezdir" - deyə nazir qeyd edib.

Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada keçiriləcək görüşləri ilə bağlı Bakının mövqeyini şərh edən diplomat bildirib ki, Praqa prosesi davam edir. Tərəflər konseptual məsələ üzrə vahid fikrə gəlmək üçün müəyyən elementləri müzakirə etməyə çalışacaq. Hər iki ölkənin rəhbərləri bu görüşün nəticələri barədə məlumatlandırılacaqlar və daha sonra danışıqlar prezidentlər səviyyəsində davam etdiriləcək.

Eyni zamanda E.Məmmədyarov qeyd edib ki, Azərbaycan və Ermənistan hələ 7-9 element üzrə vahid fikrə gəlməyib. "Məsələnin detalları məxfi saxlanılır. Danışıqlar prosesi hələ davam etdiyindən bu elementlərin mahiyyəti haqqında danışmaq tezdir.

Əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişələrinin nizamlanması məsələsi üzrə müəyyən biliyə malik olan şəxslərə söhbətin hansı elementlərdən getdiyi məlumdur", - deyə nazir vurğulayıb.

E.Məmmədyarov həmçinin oun da qeyd edib ki, Azərbaycanın MSK-nın qərarı ilə avqustun 13-dən başlayaraq Qarabağın erməni icması noyabrın 6-da keçiriləcək parlament seçkilərində iştirak etmək dəvəti alıb. Dağlıq Qarabağın erməni icmasının üzvləri Azərbaycan vətəndaşlarıdır və ölkə konstitusiyasına əsasən respublikada keçiriləcək seçki kampaniyasında iştirak etmək hüququna malikdirlər.

MSK artıq Xankəndi (122-ci) və Xocavənddə (124-cü) seçki dairələrinin yaradılmasına dair qərar qəbul edib.

Rəsmi Bakının BMT səviyyəsində yeni qətnamələrlə çıxış edəcəyi məsələsinə gəldikdə isə E.Məmmədyarov vurğulayıb ki, bu məsələyə dair qərar onun Ermənistanın XİN rəhbəri Vardan Oskanyanla görüşünündən sonra qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti