...

ZİYAFƏT ƏSGƏROV: VƏZİFƏLİ ŞƏXSLƏRİN GƏLİR VƏ ƏMLAKLARI HAQQINDA MƏLUMATLAR YALNIZ CİNAYƏT ƏMƏLLƏRİNİN ÜZƏ ÇIXARILDIĞI HALDA AÇIQLANACAQ

Siyasət Materials 16 Avqust 2005 15:30 (UTC +04:00)
ZİYAFƏT ƏSGƏROV: VƏZİFƏLİ ŞƏXSLƏRİN GƏLİR VƏ ƏMLAKLARI HAQQINDA MƏLUMATLAR YALNIZ CİNAYƏT ƏMƏLLƏRİNİN ÜZƏ ÇIXARILDIĞI HALDA AÇIQLANACAQ

Azərbaycanın vəzifəli şəxslərinin gəlirləri və əmlakları haqqında məlumatlar konkret cinayət əməllərinin üzə çıxarıldığı zaman açıqlanacaq. Bu barədə Trend ə Milli Məclisin vitse-spikeri, Azərbaycanın dövlət qulluğu idarəetmə şurası yanında korrupsiya ilə mübarizə üzrə Komissiyanın üzvü Ziyafət Əsgərov bildirib.

O xatırladıb ki, Azərbaycanın qanunvericiliyi ilə ölkədə hər bir dövlət qulluqçusunun və vəzifəli şəxsin 2005-ci il dekabr ayının 31-dən gec olmayaraq korrupsiyaya qarşı komissiyaya öz gəlirləri haqqında bəyanat təqdim etməli olduğu nəzərdə tutulub.

"Bunun üçün xüsusi blanklar hazırlanacaq. Bu blanklarda vəzifəli şəxsin illik gəliri, daşınan və daşınmaz əmlakı və s. barədə məlumatlar ayrıca bənd kimi göstəriləcək", - deyə Z.Əsgərov qeyd edib. O, həmçinin bildirib ki, toplanmış məlumatlar açıqlanmayacaq, belə ki, bu, vətəndaşların konstitusiya hüquqlarının birbaşa pozulması deməkdir.

"Bu, dünya təcrübəsidir və burada qeyri-adi heç nə yoxdur. Bəyanatlarda göstərilənlər yalnız qanun pozuntusu faktı aşkar olunduqda açıqlanacaq", - deyə vitse-spiker bildirib.

Z.Əsgərovun sözlərinə görə, əgər vəzifəli şəxs onun verdiyi məlumatın sonradan açıqlanacağı barədə qabaqcadan xəbərdardısa, bu halda o, həmin məsələyə obyektiv yanaşmayacaq.

"Bu məlumat bütün dünyada tam məxfiləşdirilib. Azərbaycanda isə bütün bəyanatlar korrupsiyaya qarşı komissiyada saxlanılacaq. Vəzifəli şəxslərin verdikləri məlumatların doğruluğu yoxlanıla bilər", - deyə vitse-spiker bildirib.

Eyni zamanda o vurğulayıb ki, qanunvericilik Azərbaycan vətədaşlarına şəxsi əmlakları haqqında məlumatı açıqlamağı qadağan etmir.

Sonda Z.Əsgərov qeyd edib ki, korrupsiyaya qarşı komissiya üçün ayrıca binanın ayrılması məsələsi Azərbaycanın Nazirlər Kabinetində müzakirə olunur və bu ilin sonuna kimi özünün müsbət həllini tapacaq.

Xəbər lenti

Xəbər lenti