...

AZƏRBAYCAN PREZİDENTİ REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİ ÜZRƏ ƏLAVƏ TƏDBİRLƏRƏ DAİR SƏRƏNCAM İMZALAYIB

Siyasət Materials 26 Avqust 2005 11:51 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev regionların, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, prezidentin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiqlənmiş "2004-2008-ci illərdə Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı üzrə dövlət proqramı"nın uğurla həyata keçirilməsi ilə yanaşı müəyyən problemlər hələlik öz həllini tapmayıb. 2005-ci il avqustun 19-da Qəbələdə keçirilmiş zona müşavirəsində əldə olunmuş uğurlar və mövcud problemlər, həmçinin, bu problemlərin aradan qaldırılma yolları müzakirə olunub, müvafiq təkliflər dinlənilib və kompleks tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib.

Dövlət başçısının sərəncamı ilə "Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə tədbirlər planı" təsdiq edilib. Nazirlər Kabinetinə bu planın həyata keçirilməsi ilə bağlı prezidenti müntəzəm olaraq məlumatlandırmaq tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə 2005-ci il mayın 24-də Azərbaycan Respublikası və Beynəlxalq İnkişaf Assosiasiyası arasında Bakıda imzalanmış "İnkişaf krediti haqqında saziş" (Maliyyə xidmətlərinin inkişaf layihəsi) təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti