...

ŞİMALİ KİPR TÜRK CÜMHURİYYƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİNİN BAKIYA İLK SƏFƏR PROQRAMI AÇIQLANIB

Siyasət Materials 26 Avqust 2005 14:48 (UTC +04:00)

Avqustun 28-də (bazar günü) Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana ilk birbaşa aviareys açılacaq. Azərbaycan-Türk İş Adamları Birliyindən Trend ə verilən məlumata görə, avqustun 28-dən Şimali Kiprin nümayəndə heyəti Bakıda qeyri-rəsmi səfərdə olacaq.

Qeyd edək ki, nümayəndə heyəti Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qeyri-rəsmi dəvəti ilə Bakıya gəlirlər. Səfərin təşkilati və texniki işləri ilə isə Azərbaycan-Türk İş Adamları Birliyi məşğuldur.

Şimali Kipri təmsil edən nümayəndə heyətinə 80 nəfər daxildir. Onlardan təxminən 60 nəfərinin iş adamı olduğu bildirilir. Nümayəndə heyətinə Şimali Kipr Türk Cümhuriyyətin xarici işlər naziri, baş nazirin müavini Sərdar Dentktaş rəhbərlik edəcək. Digər nazirlərin də iştirakı planlaşdırılan nümayəndə heyətinin tərkibində həmçinin Şimali Kipr Türk Cümhuriyyətin ilk prezidenti Rauf Dentkaşın da Bakıya gələcəyi gözlənilir.

Səfərin ilk günü qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Bundan sonra ayrı-ayrı səviyyələrdə qeyri-rəsmi görüşlər keçirəcəklər. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla da Şimali Kiprin nümayəndə heyətinin qeyri-rəsmi görüşü olacaq. Kiprli türklər avqustun 31-də kütləvi informasiya vasitələri üçün geniş mətbuat konfransı keçirəcəklər. Sentyabrın 1-də (həftənin dördüncü günü) isə Nazim İbrahimov Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti