...

"YENİ PARLAMENT" SEÇKİ BLOKU DƏSTƏKLƏDİYİ NAMİZƏDLƏR SİYAHISINI AÇIQLADI

Siyasət Materials 31 Avqust 2005 14:56 (UTC +04:00)

"Yeni Parlament" Seçki Bloku bu il parlament seçkisində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. Trend in məlumatına görə, avqustun 31-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında siyahı barədə açıqlama verilib.

"Yeni Parlament" Seçki Bloku parlament seçkisində 58 nəfər namizədə dəstək vermək qərarına gəlib. Blokun nümayəndəsi Eldar Aslanov bildirib ki, seçki blokunun özünün yalnız 6 nəfər namizədi var. Siyahıya daxil edilən qalan namizədlər isə bu seçki blokunun üzvləri deyil.

Onlar ayrı-ayrı siyasi partiyaların üzvləri olsalar da, seçkidə bitərəf namizəd kimi iştirak edirlər. Blokun dəstəklədiyi namizədlər siyahısını açıqlayan E.Aslanov bildirib ki, bu şəxslərin hamısı bitərəf, gənc namizədlərdir. Onun sözlərinə görə, hələki 58 nəfərin namizədliyini dəstəkləyəməyə qərar verən "Yeni Parlament" seçki bloku bu siyahını artıracaq və gənc namizədlərə dəstək kampaniyasını genişləndirəcək.

Blok üzvləri onu da bildiriblər ki, seçkidə iştirak edən bitərəf namizədlərə təbliğat-təşviqat kampaniyası dövründə telekanallarda pulsuz təbliğat imkanı verilməsi üçün prezident İlham Əliyevə, Mərkəzi Seçki Komissiyasına, Konstitusiya Məhkəməsinə, beynəlxalq təşkilatların yerli nümayəndəliklərinə, televiziya kanallarına müraciət edəcəklər.

"Yeni Parlament" seçki bloku hesab edir ki, 60 dairədən çox namizədi olan yalnız siyasi partiyalara və onların seçki bloklarına pulsuz təbliğat imkanı verilməsi, bu imkanın bitərəf namizədlərə və bitərəflərin seçki blokuna şamil edilməməsi ayrıseçkilikdir. Blok özündə birləşdirdiyi və dəstək verdiyi bitərəf namizədlərə də təbliğat dövründə pulsuz efir vaxtının verilməsini təklif edir.

Xəbər lenti

Xəbər lenti