...

MİLLƏT VƏKİLLƏRİ "AZADLIQ" BLOKUNUN OKTYABRIN 1-DƏ CƏHD GÖSTƏRDİYİ MİTİNQİNƏ MÜNASİBƏT BİLDİRİBLƏR

Siyasət Materials 3 Oktyabr 2005 12:26 (UTC +04:00)

"Azadlıq" blokunun oktyabrın 1-də "Cəfər Cabbarlı" meydanında icazəsiz mitinq keçirməyə cəhd göstərməsi seçkiyə yox, iğtişaşa hazırlığın göstəricisidir". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, "Azadlıq" blokunun məlum tarixə təyin etdiyi mitinq göstərdi ki, onların heç bir sosial bazası yoxdur: "Blokun liderlərinin özlərinin gizlənib, beş-on insanı qabağa verməklə iğtişaş törətməyə cəhd göstərmələri demokratiyaya yox, başqa məqsədə xidmət etməkdir. Xalq onların bu addımını qəbul etmədiyi üçün müxalifət adəti üzrə yenə də rüsvay oldu".

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı isə bildirib ki, seçkiöncəsi heç bir mitinq keçirməkdən söhbət gedə bilməz: "Azərbaycan xalqı seçkiyə hazırlaşır, indi bütün fəaliyyətimizi bu istiqamətə yönəltməliyik. Normal seçki keçirmək üçün isə heç bir zora ehtiyac yoxdur".

Millət vəkili onu da qeyd edib ki, "Azadlıq"ın zorla mitinq keçirməyə cəhd göstərməsi qarşıdurma yaratmağa xidmət edir. Buna yol vermək olmadığını deyən millət vəkili həmkarlarına seçkiyə hazırlaşmağı tövsiyyə edib.

Yurddaş Partiyasının sədri, millət vəkili Mais Səfərli də həmkarlarının yuxarıda dediyi fikirləri təsdiqləyərək bildirib: "Seçkiöncəsi mitinqlərə ehtiyac yoxdur. Belə tədbirlər qarşıdurma yaradır, stabilliyin pozulmasına xidmət edir. Bütün bunlar da müxalifətə başucalıq gətirmir, İctimai rəy göstərir ki, paytaxtda mitinqi keçirmək üçün yetərincə ünvan var. Mərkəz küçələrdə mitinq keçirmək yalnız qarşıdurma məqsədi daşıyır".

Xəbər lenti

Xəbər lenti