...

HƏBSDƏ OLAN KEÇMİŞ XTPD-ÇİLƏR PREZİDENTİN ƏFV FƏRMANINI GÖZLƏYİR

Siyasət Materials 4 Oktyabr 2005 15:27 (UTC +04:00)

Oktyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) həbsdən buraxılmış üzvləri mətbuat konfransı keçirib. Trend in məlumatına görə, tədbirə qatılmış XTPD-çilər bəzi sənəd problemləri ilə bağlı yerli icra orqanları tərəfindən süründürməçiliyə məruz qaldıqlarını bildiriblər .

XTPD-çilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Famil Süleymanov jurnalistlərin nəzərinə çatdırıb ki, bir neçə gün ərzində cəzaçəkmə müəssisələrində olaraq 1995-ci il mart hadisələri ilə bağlı həbsdə olan 9 nəfər keçmiş XTPD-çi ilə görüşüb. F.Süleymanov: "Həmin XTPD-çilər səbirsizliklə Prezidentin əfv fərmanını gözləyirlər və əfv siyahısına düşəcəklərinə böyük ümidləri var".

Hüquq müdafiəçisinin sözlərinə görə, hazırda axtarışda olan və ölkədən kənarda yaşayan 15 nəfərə yaxın XTPD-çi var. Onlar vətənə qayıtmaq istəsələr də həbs olunacaqlarından ehtiyat edirlər. "Artıq hadisələrin üstündən 10 ildən artıq vaxt ötüb və biz həmin XTPD-çilərin üzərlərindən həbs qərarının götürülməsi ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciət etmişik. Lakin müsbət cavab almamışıq. Axtarışda olan XTPD-çilərdən biri qürbətdə yaşamaqdan bezib vətənə qayıtdı, dərhal da həbs edildi".

Tədbirdə iştirak edən keçmiş XTPD-çilər söyləyiblər ki, Daxili İşlər naziri Ramil Usubovun rəsmi göstərişlərinə baxmayaraq, keçmiş XTPD-çilər bu günə qədər "Qarabağ müharibəsi veteranı" vəsiqəsini və digər vacib sənədləri əldə edə bilməyiblər.

Xəbər lenti

Xəbər lenti