...

PREZİDENT İLHAM ƏLİYEV OKTYABRIN 6-DA KÜRDƏMİR VƏ SABİRABAD RAYONLARINA SƏFƏR EDƏCƏK

Siyasət Materials 5 Oktyabr 2005 17:47 (UTC +04:00)

"Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində regionlarda həyata keçirilən işlərlə yaxından tanış olmaq məqsədilə prezident İlham Əliyev oktyabrın 6-da Kürdəmir və Sabirabad rayonlarına səfər edəcək". Trend xəbər verir ki, dövlət başçısı səfər çərçivəsində bir sıra yeni tikiləcək obyektlərin açılış mərasimində də iştirak edəcək.

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sabit Xəlilov Trend ə bildirib ki, prezident İlham Əliyev Kürdəmirdə ümumilli lider Heydər Əliyevin abidəsinin, muzeyinin və parkının açılış mərasimində, eləcə də rayonda tikiləcək Olimpiya kompleksinin təməlqoyma mərasimində iştirak edəcək. "Bundan başqa yenicə istifadəyə verilən dəyirmanla da tanış olacaq və rayon ictimaiyyəti ilə söhbətlər aparacaq"-deyə S.Xəlilov bildirib.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəfadar Bağırov isə bildirib ki, prezident Sabirabada səfəri çərçivəsində rayonda Olimpiya Kompleksinin təməlqoyma mərasimində, Diaqnostika Mərkəzinin, eləcə də Heydər Əliyev adına muzey-kompleksin açılışında iştirak edəcək. "Bundan başqa "Heydər Əliyev" fondunun maliyyə dəstəyilə rayonda iki məktəbin tikintisi planlaşdırılıb ki, bunlardan biri - 200 şagird yerlik məktəb artıq Axtaçı-Muğan kəndində tikilib başa çatıb. Ola bilsin ki, prezident bu məktəbin açılışında da iştirak etsin"-deyə V.Bağırov bildirib.

Xəbər lenti

Xəbər lenti