...

GƏNCƏ HAVA LİMANI YENİDƏN QURULUR

Siyasət Materials 7 Oktyabr 2005 18:21 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" Dövlət Konserni "Gəncə hava limanının yenidən qurulması" layihəsinin icrası üçün "AzVirt" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15 sentyabr 2004-cü il tarixdə uçuş-enmə zolağının, yönəldici yolların və Gəncə-Qazax yolundan hava limanına qədər asfalt-beton yolun inşasına müqavilə imzalayıb.

Azərbaycan Respublikasının "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Baş direktorunun müavini Etibar Hüseynovun verdiyi məlumata görə hal-hazırda layihə üzrə işlər davam etdirilir, ucuş-enmə zolağının torpaq işləri görülüb, əsası hazırlanıb və alt asfalt qatı döşənir. eni uçuş-enmə zolağı asfalt beton örtüklü uzunluğu 3000 metr, eni 45 metr olacaqdır.

Bu zolaq dünyada istismar olunan ən ağır tipli təyyarələri qəbul etmək imkanına malik olacaqdır.

Yönəldici yolların ümumi uzunluğu 2000 metr, eni 45 metr, perronun uzunluğu 500 metr, eni 200 metr olacaqdır.

Perronda, eyni zamanda 6 ədəd Boeinq-757 və 4 ədəd Boeinq-747 tipli təyyarələr dayana biləcəkdir.

Uçuşların idarə olunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə uçuş-enmə zolağının, perronun, yönəldici yolların işıqlandırma - siqnalizasiya sistemlərinin 1-ci kateqoriya üzrə təchiz olunması da nəzərdə tutulmuşdur.

"Azərbaycan Hava Yolları" Dövlət Konserni ilə "Zema İnşaat Sanayi ve Dış Ticaret A.Ş." arasında imzalanmış müqaviləyə əsasən aerovağzal binası, yük terminalı və digər köməkçi binaların inşasına başlanılmışdır.

Yeni inşa olunacaq aerovağzal binasının uzunluğu 145 metr, eni 54 metr, ümumi sahəsi 12000 kvadrat metrdir.

Binanın birinci mərtəbəsi sərnişinlərin gedişi və gəlişi üçün və rəsmi nümayəndələr zalı (VİP zalı) üçün nəzərdə tutulmuşdur.

Birinci mərtəbədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə əsasən, sərnişindaşımanın müasir təcrübəsinə uyğun olaraq texnoloci avadanlıqlar, biletlərin qeydiyyat masaları, kömrük nəzarəti masaları, baqac konveyerləri, habelə uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün pentgen nəzarəti, metalaxtaran avadanlıqlar quraşdırılacaqdır.

Aerovağzal binasında sərnişinlərin rahatlığı üçün oturacaqlar, məlumat masaları, kafe və restoranlar xidmət göstərəcəkdir.

Aerovağzal binası mərkəzləşdirilmiş istilik, havalandırma, kondisioner sistemi ilə təchiz ediləcəkdir.

Binanın ikinci mərtəbəsində xidməti otaqlar nəzərdə tutulmuşdur.

Binanın üçüncü mərtəbəsində mərkəzləşdirilmiş istilik, havalandırma, kondisioner sistemləri avadanlıqlarının quraşdırılması üçün texniki otaqlar olacaqdır.

Aerovağzal binasına bitişik uçuşları idarəetmə qülləsində "Aeronaviqasiya" müəssisəsinin dispetçer məntəqəsi yerləşəcəkdir.

Dispetçer məntəqəsində uçuşların idarə edilməsi üçün müasir avadanlıqlarla təchiz olunmuş 4 dispetçer masası quraşdırılacaqdır.

Daxili və xarici yük daşımalarının həyata keçirilməsi məqsədilə müxtəlif çeşidli yüklərin qəbulu və göndərilməsi üçün sahəsi 1000 kvadrat metr olan yük terminalının inşası nəzərdə tutulmuşdur.

Bu terminalda yüklərin qəbulu, çeşidlənməsi üçün müvafiq avadanlıqlar nəzərdə tutulmuşdur. Tez xarab olan yüklərin saxlanılması üçün isə soyuducu avadanlıqları quraşdırılacaqdır.

Hava gəmilərində sərnişinlərə xidmət göstərmək məqsədilə sutkada 1000 rasion yemək hazırlamaq imkanına malik olan ketrinq binası tikiləcəkdir.

Aerovağzal və köməkçi binaların elektrik təchizatı ilə təmin edilməsi üçün yarımötürücü transformator stansiyası inşa ediləcəkdir, 2 ədəd 1600 kilovatlıq transformator quraşdırılacaqdır və fasiləsiz elektrik enercisi ilə təmin olunmaları üçün 1 ədəd 500 kilovat gücündə ehtiyat dizel-generator quraşdırılacaqdır.

Layihə üzrə qazanxana, kanalizasiya sularını təmizləmə qurğusu, yanğınsöndürmə binası, su və kanalizasiya nasos stansiyaları, aeroportun perimetri boyu mühafizə hasarı, buraxılış məntəqələri, mühəndisi kommunikasiyaların inşası nəzərdə tutulmuşdur.

Bazada maşın-mexanizmlərin təmiri üçün sahəsi 3-5 kvadrat metr olan emalatxananın və 750 kvadrat metr sahədə örtülü dayanacağın tikintisi planlaşdırılır.

Polis, kömrük və sərhəd qoşunları xidmətləri qulluqçuları üçün sahəsi 360 kvadrat metr olan aeroportun köhnə inzibati binası da əsaslı təmir edilərək onların istifadəsinə veriləcəkdir.

Hal-hazırda aerovağzal binası və köməkçi binaların inşasına dair tikinti işləri başlanmışdır.

Aerovağzal binasının zirzəmisi tikilib başa çatdırılıb, tavan örtüyünün inşasına başlanmışdır.

Hava limanında uçuşların idarə olunması və təhlükəsizliyin təmin edilməsi məqsədilə "Beynəlxalq Mülki Aviasiya Təşkilatinın" (İCAO-nun) və "Eurocontrol"un beynəlxalq tələblərinə və standartlarına cavab verən Avtomatlaşdırılmış Hava Hərəkətinin idarəolunması sistemi, Cihazla Enmə Sistemi, Meteoroloci və radiotexniki avadanlıqlar alınıb quraşdırılacaqdır.

Tikintidə Türkiyədə, İtaliyada, Almaniyada, Böyük Britaniyada istehsal edilən inşaat materiallarından və avadanlıqdan istifadə ediləcəkdir.

Bu tikintidə 500 nəfər Azərbaycan Respublikasının vətəndaşları olan mühəndis, texniki qulluqcu və fəhlə çalışacaqdır.

"Gəncə hava limanının yenidən qurulması" obyektinin tikintisini 2006-cı ilin ortalarında başa çatdırmaq nəzərdə tutulmuşdur.

Gəncə hava limanında təyyarələrə və sərnişinlərə yerüstü xidmətin göstərilməsi üçün xüsusi texnika və maşın-mexanizmlər də alınacaqdır.

"Gəncə hava limanının yenidən qurulması" obyekti istismara verildikdən sonra Gəncə hava limanında 200-dən çox iş yeri açılacaqdır. Sərnişin və yükdaşımalar müasir səviyyədə aparılacaqdır.

Gəncə hava limanı Avropa və Asiyaya uçuşları həyata keçirən Azərbaycanın və xarici dövlətlərin aviaşirkətlərinin təyyarələri üçün tranzit və ehtiyat aeroportu kimi istifadə ediləcəkdir.

Xəbər lenti

Xəbər lenti