...

RƏSUL QULİYEVİN AZƏRBAYCANA GƏLƏCƏYİ GÜNÜN TARİXİ OKTYABRIN 11-DƏ MƏLUM OLACAQ

Siyasət Materials 8 Oktyabr 2005 14:46 (UTC +04:00)

Oktyabrın 8-də Azərbaycan Demokrat Partiyasında (ADP) 36 saylı Xətai dördüncü seçki dairəsindən "Azadlıq Bloku"nun vahid namizədi Rəsul Quliyevin ölkəyə qaydışı ilə bağlı toplantı keçirilib. Trend in məlumatına görə, toplantıda Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli, ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət iştirak ediblər.

Görüşdə ADP sədri Rsəul Quliyevin qayıdışı ilə bağlı tədbirlər görülməsi, onun qarşılanma mərasiminə hazırlıq məsələləri müzakirə olunub. Müxalifət liderləri Rəsul Quliyevin Azərbaycana qayıtması və bütün namizədlər kimi seçkidə iştirak etməsinin onun konstitusion hüququ olduğunu bildiriblər. Həmçinin, R.Quliyevin həbs olunacağı təqdirdə ictimai müqaviməti təşkil etmək, dinc şəraitdə bunun qarşısının alınmasına çalışmaq məsələləri də müzakirə olunub.

Qərara alınıb ki, oktyabrın 11-də Rəsul Quliyevin hüquqlarının müdafiəsi üzrə Milli Komitənin son iclası keçirilsin və orada ADP liderinin Azərbaycana qayıdacağı gün təyin olunsun. Həmin iclasa R.Quliyevin də telefon vasitəsilə qoşulacağı gözlənilir. Onun ölkəyə gələcəyi dəqiq tarix barədə həmin gün açıqlama veriləcək.

ADP funksioneri S.Cəlaloğlunun sözlərinə görə, R.Quliyevin qarşılanma mərasmində 30 minə yaxın adamın iştirakı gözlənilir. Qarşılanma mərasimində "Azadlıq" blokunun liderləri, həmçinin, müttəfiqləri Lalə Şövkətin, Liberal Partiyasının fəallarının da iştirakı nəzərdə tutulub. Rəsul Quliyev Azərbaycana beynəlxalq təşkilatların nümayəndələrinin, beynəlxalq jurnalistlərin müşayiəti ilə gələcək. "Ona görə də ADP lideri həbs olunarsa, bu, beynəlxalq qurumların gözü qarşısında baş verəcək. Biz onu aeroportda qarşılamağı planlaşdırırıq. Lakin bizə aeroportda maneələr yaradılsa, polis kardonları baryerlər qursa, hara qədər irəli gedə bilsək, orada da Rəsul Quliyevi qarşılayacağıq"-deyə Sərdar Cəlaloğlu bildirib.

Xəbər lenti

Xəbər lenti