...

İLYAS İSMAYILOV: ƏVVƏLKİ SEÇKİLƏRLƏ MÜQAYİSƏDƏ BU DƏFƏ NARAHATLIĞA SƏBƏB OLAN CİDDİ PROBLEM YOXDUR

Siyasət Materials 10 Oktyabr 2005 14:45 (UTC +04:00)
İLYAS İSMAYILOV: ƏVVƏLKİ SEÇKİLƏRLƏ MÜQAYİSƏDƏ BU DƏFƏ NARAHATLIĞA SƏBƏB OLAN CİDDİ PROBLEM YOXDUR

"Demokratik Azərbaycan" Seçki Blokunun həmsədri, Ədalət Partiyasının sədri İlyas İsmayılov Trend agentliyinə müsahibə verib.

- Namizədliyinizi verdiyiniz dairədə digər rəqib namizədlərdən şikayətlənirdiniz. Seçki dairəsi üzrə qanun pozuntuları ilə bağlı müvafiq orqanlara müraciət etmisinizmi?

- Qanun pozuntularına dair faktlar təkcə mənim namizəd olduğum 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinə aid deyil, belə vəziyyət bütün ölkə üzrə xarakterikdir. Təəssüf ki, bu gün ölkədə seçki ilə biznes birləşib. Bu, Azərbaycanın inkişaf yolu deyil, əksinə, demokratiyanı, hüquq bərabərliyini pozan amildir. Bir çox namizədlər öz var-dövlətlərindən, maddi imkanlarından istifadə edərək seçiciləri ələ almağa çalışırlar, adamlara pul paylamaqla məşğuldurlar. Belə olan halda seçkilərin demokratik keçməsindən söhbət gedə bilməz. Həm də bu qanun pozuntuları yalnız bir dairədə olsaydı, onu aradan qaldırmaq mümkün olardı. Lakin "səxavətli" namizədlərin qanunsuz təbliğat kampaniyaları bütün ölkəni əhatə edir. Biz müşahidə etdiyimiz qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etmişik, lakin şikayətimizə hələ heç bir cavab verilməyib.

- Seçkilərin ilk mərhələsini və hazırda davam edən təbliğat kampaniyasının gedişini necə qiymətləndirirsiniz?

- Mənim fikrimcə, seçkinin ilk mərhələlərinin gedişindən belə görünür ki, əvvəlki seçkilərlə müqayisədə bu dəfə narahatlığa səbəb olacaq ciddi bir problem yoxdur. İstərdim ki, bu vəziyyət sona qədər davam etsin və ciddi problemlər, nöqsanlar qarşıya çıxmasın. Mən özüm təbliğat kamapaniyası apararkən 1-2 fakt istisna olmaqla ciddi bir maneəyə, təzyiqlərə rast gəlmədim. Yalnız bəzi kəndlərdə yerli icra orqanı nümayəndələri seçicilərlə görüşlərə problem yaratmağa çalışırdılar. Bizə deyirdilər ki, seçicilərlə seçki məntəqəsi ərazisində görüşmək olmaz, görüş üçün ayrılan yerlər də təmirsiz, bərbad vəziyyətdə idi. Biz kənd icra nümayəndələrinin qanuna zidd hərəkətləri barədə rayon icra hakimiyyətinə məlumat verdik. Qalan hallarda heç bir yerli məmurlar və icra nümayəndələri tərəfindən işimizə müdaxilələr olmayıb, maneələr törədilməyib.

- Beynəlxalq müşahidəçilər hesab edirlər ki, namizədlərin sayının çoxluğu seçkinin demokratik keçəcəyindən xəbər verir. Siz necə düşünürsünüz, qeydə alınan namizədlərin çoxluğu seçkinin demokratikliyinə təminat verirmi?

- Seçkidə iştirak etmək istəyən vətəndaşların maneəsiz şəkildə namizədliyinin qeydə alınması özü demokratiya istiqamətində atılan addımdır. Vətəndaşların seçkidə iştirak etmək hüququnun təmin olunması qanunun tələblərindən irəli gəlir. Bizim blokun irəli sürdüyü bir neçə şəxsin namizədliyi qeydə alınmadı. Başqa partiya və blokların da qeydə alınmayan namizədləri oldu. Amma ümumi şəkildə dəyərləndirsəm, qanunun müvafiq tələblərinə görə namizədliyi qeydə alınması mümkün olan bütün şəxslərin bu gün seçkidə iştirak edə bilməsini müsbət qiymətləndirirəm.

- Seçkiöncəsi izacəsiz aksiyalarının keçirilməsini necə dəyərləndirirsiniz?

- Mən hər bir işdə qanunun aliliyinin tərəfdarıyam. Bizim partiya icazəsiz aksiyalara qoşulmur. Digər partiya və blokların izacəsiz aksiya keçirməsinə gəldikdə, hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi ünvanlarda aksiya keçirmək olar. Amma bununla razılaşmayıb izacəsiz tədbir keçirmək istəyirlərsə, bu, həmin partiyaların öz işidir və hər kəsin qərarına hörmətlə yanaşıram. Şəxsən mən özüm qanuna zidd hərəkətlərin, izacəsiz aksiyaların, qarşıdurmaların tərəfdarı deyiləm.

Bundan başqa mən hesab edirəm ki, mojaritar seçki sistemində partiyaların, blokların təbliğatı aparılmamalıdır. Çünki bu sistemdə hər dairə üzrə namizədlər fərdi şəkildə öz seçiciləri ilə görüşməli, onların problemləri ilə maraqlanmalı, öz ideyalarını, seçki platformalarını seçicilərin diqqətinə çatdırmalıdır. Amma indi mitinqlərdə, televiziya çıxışlarında namizədlər əhalini öz partiyalarına, yaxud seçki bloklarına səs verməyə çağrırlar. Bu, proporsional seçki sistemi olmadığından partiyaların deyil, namizədlərin özlərinin fərdi şəkildə təbliğatı aparılmalıdır. Bu baxımdan mən kütləvi aksiyalar keçirməkdənsə, namizədin öz seçiciləri ilə görüşməsinə, onlarla yaxından ünsiyyətinə daha çox üstünlük verirəm.

- Sizin təmsil olunduğunuz Demokratik Azərbaycan Seçki Bloku efirdə pulsuz təbliğat imkanı qazana bilməməsini narazılıqla qarşıladı, bu məsələni yenidən qaldırmaq niyyətiniz varmı?

- Bəli, bizim blokun namizədlərinin çox olmasına baxmayaraq pulsuz efir vaxtı qazana bilmədik. Bu imkan yalnız 60-dan çox dairədə qeydə alınmış namizədi olan blok və partiyalara verildi. Biz hesab edirik ki, Demokratik Azərbaycan Bloku pulsuz efir vaxtından istifadə etməli idi. Bununla bağlı müvafiq orqanlara müraciətimiz olub. Blokun həmsədri Sabir Rüstəmxanlı çox güman ki, bu məsələni Milli Məclisdə də qaldıracaq. Seçkidə iştirak edən namizədlər və bloklar üçün bərabər şərait yaradılmalıdır.

Xəbər lenti

Xəbər lenti