...

YANĞINSÖNDÜRƏNLƏRİN PEŞƏ BAYRAMI QEYD OLUNUB

Siyasət Materials 10 Oktyabr 2005 15:11 (UTC +04:00)

Oktyabrın 10-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin ( DİN BDYTİ) yaranmasının 87-ci ildönümü qeyd olunub. Trend məlumat verir ki, mərasimdə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov da iştirak edib.

Əvvəlcə nazir DİN BDYTİ-nin "Elmi Tədris Mərkəzi"nin açılış mərasimində iştirak edib. Daha sonra tədbir Binəqədi rayon Yanğın Təhlükəsizliyi Xidmətində davam etdirilib.

Tədbirdə BDYTİ-nin rəisi Murad Hüseynov çıxış edərək bildirib ki, bütün çətinliklərə baxmayaraq, son illər ərzində Yanğın Təhlükəsizlik Xidməti xeyli inkişaf edib. Son 10 il ərzində isə yanğınsöndürənlər demək olar ki, bütün texniki avadanlıqlarla təmin olunub.

Yanğınsöndürənləri peşə bayramı münasibəti ilə təbrik edən nazir Ramil Usubov çıxışında bildirib ki, BDYTİ-nin yeni istifadəyə verilmiş "Elmi tədris Mərkəzi" Avropada nümunə göstərilə biləcək bir mərkəzdir. "9 minlik şəxsi heyəti özündə birləşdirən Yanğın Təhlükəsizlik Xidmətinin xalq arasında böyük nüfuzu var" - deyən nazir mükafatlandırılan yanğınsöndürənlərə hədiyyələr təqdim edib.

R.Usubovun əmri ilə BDYTİ-nin 7 nəfər əməkdaşı vəzifə həddindən yuxarı və vaxtından əvvəl rütbə, 10 nəfər yanğınsöndürən döş nişanı, 12 nəfər yanğınsöndürən isə fəxri fərmanla təltif edilib. 24 nəfər yanğınsöndürən isə bir aylıq vəzifə maaşı məbləğində pul mükafatına layiq görülüb.

Tədbirin rəsmi hissəsi bitəndən sonra incəsənət xadimləri yanğınsöndürənlər qarşısında konsertlə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti