...

AZƏRBAYCANIN XİLASKAR VƏ HƏKİMLƏR QRUPU PAKİSTANIN ZƏRƏR ÇƏKMİŞ BALAKOT ŞƏHƏRİNDƏ İŞLƏYƏCƏK

Siyasət Materials 12 Oktyabr 2005 20:14 (UTC +04:00)

Azərbaycanın xilaskar və həkimlərdən ibarət qrupu Pakistanın daha çox zərər çəkmiş Balakot şəhərində öz missiyasını yerinə yetirəcək.Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Pakistandakı Səfirliyinin konsulu Daşqın Şikarov bildirib.

Onun sözlərinə görə, 20 xilaskar və 15 həkimin oktyabrın 10-da İslamabada gəlməsinə baxmayaraq oktyabrın 12-də onlar avtobuslarda fəlakət zonasına gediblər.Xilaskarların öncədən planlaşdırılmış hərbi təyyarə ilə yola salınması pis hava şəraiti nəticəsində təxirə salınıb.

D.Şikarov bildirib ki, Azərbaycan qrupu təxminən bir həftə - 10 gün Polşa və Sinqapurdan olan həmkarları ilə birgə Balakotda işləyəcək. O, qeyd edib ki, Balakot Pakistanda zəlzələdən daha çox zərər çəkmiş şəhərdir və burada dağıntıların səviyyəsi 80% təşkil edir. Şəhər dəniz səviyyəsindən təxminən 4500 metr yüksəklikdə yerləşir.

Azərbaycan missiyasının Balakotda olduğu müddətdə səfirliyin birinci katibi Çingiz Məmmədəlizadə həmişə onlarla olacaq.Bundan başqa, Azərbaycan missiyası üçün səfirlik tərəfindən tərcüməçi də ayrılıb.

D.Şikarov həm də bildirib ki, səfirliyin əməkdaşları Pakistan prezidenti tərəfindən zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə xüsusi açılmış fonda maliyyə vəsaiti köçürüb.Səfir Eynulla Mədətli də fonda ayrıca olaraq $1000 köçürüb. D.Şikarov əlavə edib ki, səfirliyə Azərbaycan tərəfinə təşəkkür ifadə edən zənglər və məktublar daxil olur.

Xəbər lenti

Xəbər lenti