...

Azərbaycan gənclərinin IV forumu keçirilib

Siyasət Materials 14 Oktyabr 2005 15:34 (UTC +04:00)

Oktyabrın 14-də Heydər Əliyev adına Sarayda Gənclər, İdman və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin IV Forumu keçirilib. Trend in məlumatına görə, Forumun işində Azərbaycan prezidenti İlham Əliyev, nazirlər, komitə sədrləri, həmçinin 2 mindən çox gənc iştirak edib.

Tədbirdə açılış niqti ilə çıxış edən gənclər, idman və turizm naziri Əbülfəz Qarayev Forum iştirakçılarına təbriklərini çatdırdıqdan sonra ölkədə gənclərlə bağlı görülən işlər, rəhbəri olduğu nazirliyin fəaliyyəti, ötən Forumdan bəri həyata keçirilən tədbirlərlə bağlı geniş məruzə edib. O, bildirib ki, ölkə rəhbərliyinin yeritdiyi elmi əsaslara söykənən siyasi kursun nəticəsində Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir, uşaqlara, yeniyetmə və gənclərə dövlət qayğısı artır, tələbələrin vəziyyətinin yaxşılaşması üçün işlər görülür, narkomaniya, QİÇS və digər xəstəlik və problemlərlə mübarizə davam etdirilir. Nazir qeyd edib ki, bölgələrdə çoxsaylı yeni iş yerləri açılıb, ölkənin müxtəlif yerlərində 15-dən çox idman olimpiya komleksləri tikilib istifadəyə verilib, dünya və Avropa kubokları yarışlarında idmançılarımız 2003-cü ildə 184 medal, 2004-cü ildə 194, bu ilin 9 ayı ərzində isə artıq 190 medal qazanıb. Turizm sahəsinin də inkişafından danışan Əbülfəz Qarayev sonda yenə diqqəti gəncələrin üzərinə yönəldib, bu il parlament seçkisində gənclərin də fəal şəkildə iştirak etdiyini, eyni zamanda bir qrup müxalifətçilərin isə öz təsir dairələrində olan bəzi gənclərdən dağıdıcı məqsədləri üçün istifadə etməyə çalışdıqlarını deyib.

Gənclər Təşkilatları Milli Şurasının məclis sədri Sevinc Məsiyeva məruzəsində bu qurum haqqında məlumat verməklə bərabər, həm də Azərbaycan gəncələrin beynəlxalq aləmə inteqrasiyasından, cəmiyyətin həyatında oynadıqları rolundan, ictimai fəallıqlarından, eyni zamanda problem və qayğılarında da danışıb.

Məruzədən sonra ümummilli lider Heydər Əliyevin müxtəlif illərdə gənclərlə, uşaqlarla görüşlərindən, onun iştirakı ilə keçən əvvəlki Forumlardan götürülmüş fraqmentlərdən ibarət film nümayiş olunub.

Sonra Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. O, gənclərin cəmiyyətin fəal bir hissəsi olduğunu deyərək ümumilli lider Heydər Əliyevin müxtəlif illərdə hakimiyyəti dövründə gənc nəsillərə göstərdiyi diqqət və qayğısından danışıb. Prezident daha sonra Azərbaycan dövlətinin bugünkü inkişafından, iqtisadi, sosial və digər sahələrdə aparılan islahatlardan söz açıb. İlham Əliyev bildirib ki, Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən ölkədir və bu fakt bütün beynəlxalq qurumlar tərəfindən qeyd olunur. Prezident Azərbaycanda neft sektorunun inkiaşfından, Bakı-Tbilsi-Ceyhan neft kəmərinin ölkəyə gətirəcəyi gəlirlərdən, həmçinin qeyri-neft sektorunun dirçəldilməsinin vacibliyindən danışıb. Bölgələrin iqtisadi cəhətdən inkişaf etdirilməsinin zəruriliyini qeyd edən dövlət başçısı kənd təsərrüfatı sahəsində islahatlar aparılması üçün görüləcək tədbirlər barədə də məlumat verib.

İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpasının zəruriliyindən də danışıb, müharibə şəraitində olan ölkəmizin gənclərinin vətənpərvərliyini yüksək qiymətləndirib. Sülh danışıqlarının davam etdiriləcəyini, lakin Azərbaycan tərəfinin bu məsələdə səbrinin tükənməz olmadığını da dilə gətirib və torpaqlarımızın işğaldan azad ediləcəyini vurğulayıb.

Özünün də siyasətə gənc yaşlarında gəldiyini deyən İlham Əliyev bu gün Azərbaycan gənclərinə arxalandığını qeyd edib.

Prezidentin çıxışından sonra Gənclərin IV Forumunun Təşkilat Komitəsinin sədri, gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev tədbirin yekunu barədə məlumat verib. İştirakçıların sayına görə Forumun səlahiyyətli hesab edildiyini deyib və ötən forumdan bəri görülən işlər barədə hesabat verib. Sonda IV Forumun qətnaməsini oxuyub.

Xəbər lenti

Xəbər lenti