...

Zakir Qaralov: "Rəsul Quliyev üçün bayil təcridxanasinda beynəlxalq standartlara uyğun kamera hazirlanib"

Siyasət Materials 14 Oktyabr 2005 17:01 (UTC +04:00)

"Azərbaycanda son zamanlar penitensiar sistemdə çox uğurlu islahatlar aparılır. Bizim bir çox cəzaçəkmə müəssisələrimiz, təcridxanalarımız tam şəkildə Avropa standartlarına uyğunlaşdırılıb. Rəsul Quliyev üçün də Bayıl təcridxanasında bütün standartlara cavab verən müvafiq kamera da ayrılıb". Trend in məlumatına görə, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov bəyan edib.

Z.Qaralov Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, eks-spiker Rəsul Quliyevin oktyabrın 17-də Azərbaycana qayıtmaq qərarına münasibətini bildirərkən deyib ki, hüquq mühafizə orqanları uzun illərdir onun axtarışını həyata keçirir. ADP sədri "İnterpol" vasitəsilə də axtarışda olub. Z.Qaralov Rəsul Quliyevin barəsindəki məhkəmə qərarının icra olunacağını vurğulayıb: "Bu gün müxtəlif siyasi spekulyasiyalar edilir ki, guya ABŞ Rəsul Quliyevi dəstəkləyir. Heç bir dövlət Rəsul Quliyevi dəstəkləmir. Azərbaycan müstəqil dövlətdir və bu ölkənin hüquq-mühafizə orqanları qanunlara əsasən müstəqil şəkildə öz fəaliyyətini həyata keçirir. Rəsul Quliyev haqqında 10 oktyabr 2000-ci ildə Səbail rayon məhkəməsi tərəfindən rəsmi axtarış qərarı verilib. Bu qərarın icrası mənim tərəfindən Daxili İşlər Nazirliyinə tapşırılıb"-deyə Zakir Qaralov bildirib.

Baş prokuror onu da deyib ki, müxalifətçilər tərəfindən vətəndaşların hava limanına gəlməsinə müxtəlif çağırışlar edilir. Bununla bağlı fikirlərini diqqətə çatdıran Z.Qaralov deyib ki, Heydər Əliyev adına hava limanı xüsusi strateji mühafizə olunan obyektlərdən biridir: "Orada yüzlərlə uçuş reysləri həyata keçirilir, minlərlə qonaqlar respublikaya gəlir. Ona görə də həmin hava limanında hər hansı qanun pozuntusuna yol verilməyəcək".

Baş prokuror daha sonra qeyd edib ki, İsa Qəmbər və Əli Kərimli R.Quliyevə tələ qurublar: "Rəsul Quliyevə bu tələni quran İsa Qəmbər və Əli Kərimli özləri də bu tələyə düşəcəklər. Çünki onların uğursuz seçki kampaniyası artıq göz qabağındadır və onların ölkədə ictimai sabitliyi pozmaq cəhdləri guya Rəsul Quliyevin ölkəyə gəlməsi ilə bağlıdır. Amma bu niyyətlərinin heç biri baş tutmayacaq. Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyi indiyədək necə qoruyubsa, bundan sonra da qoruyacaqlar. Seçkilər də tam demokratik şəkildə keçəcək"-deyə Azərbaycanın baş prokuroru bəyan edib.

Zakir Qaralov onu da əlavə edib ki, R.Quliyev həbs olunandan sonra siyasi məhbus hesab edilə bilməz. Çünki onun iqtisadi cinayətləri də var.

Xəbər lenti

Xəbər lenti