...

Əli Həsənov: "AŞPA-nın seçki məcəlləsinin dəyişdirilməsi məsələsini qaldırması dolayısı ilə seçkini pozmaq deməkdir"

Siyasət Materials 14 Oktyabr 2005 19:05 (UTC +04:00)

"Seçki günü seçicilərin barmaqlarına mürəkkəb vurulması üsulunu tətbiq etmək mümkündür. Lakin Azərbaycan hökuməti daha sivil vasitələri seçib". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Apparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

O, deyib ki, Azərbaycan hakimiyyəti daha çox Avropada sınaqdan keçirilmiş və sivil cəmiyyətlər üçün nəzərdə tutulmuş mexanizmlərin tətbiq olunmasının tərəfdarıdır: "Buna görə də barmaqlara mürəkkəb vurulmaqdansa, daha sivil üsulları seçmişik. Həm də bu seçkidə əsas məsələ iradənin olmasıdır. Azərbaycan hakimiyyəti də seçkinin demokratik keçirilməsi üçün öz iradəsini ortaya qoyub"-deyə Ə.Həsənov vurğulayıb.

Prezident Aparatı rəsmisi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçiriləcək parlament seçkisi ilə bağlı bugünlərdə təqdim etdiyi daha 4 təklifinə də münasibətini bildirib. Ə.Həsənov deyib ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə Avropa Şurası Parlament Assambleyası arasında aparılan danışıqlarda bu beynəlxalq qurum 16-ya yaxın müxtəlif təkliflərini vermişdi. Həmin vaxt bu təkliflərin 12-si hakimiyyət tərəfindən qeyri-şərtsiz qəbul edildi. Digər təkliflərə isə iqtidar nümayəndələri şübhə ilə yanaşdılar: "Çünki həmin məsələlər artıq keçmiş seçkilərdə təcrübədən keçirilib. Bu gün səsləndirilən dörd təklifdən üçü həmin bizim qəbul etmədiyimiz təkliflərdir və biz bunlara artıq münasibətimizi bildirmişik. Digər bir təklif isə qanunun predmeti ilə bağlıdır və bunun bizə aidiyyatı yoxdur. Çünki seçkiyə artıq 20 gündən az vaxt qalıb"-deyə Əli Həsənov məlumat verib.

Prezident Apparatı nümayəndəsinin sözlərinə görə, seçkiyə az müddət qaldığı bir vaxtda AŞPA-nın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər olunmasını tələb etməsi seçkinin pozulamasına yönəlir: "AŞPA-nın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər olunması məsələsini yenidən qaldırması, təkliflərini qanunun təkrarən müzakirəyə qaytarılmasına yönəltməsi seçkiləri dolyısıyla pozmaq deməkdir. Bu Seçki Məcəlləsi ilə normal, demokratik seçki keçirməyin mümkün olduğunu beynəlxalq təşkilatlar da dəfələrlə bəyan ediblər. Biz düşünürük ki, hakimiyətin bu məsələdə iradəsi ortadadır və biz demokratik seçki keçirəcəyik"-deyə Əli Həsənov vurğulayıb.

O, qeyd edib ki, seçkinin demokratikliyinin təmin olunması üçün müşahidəçilərə də lazımi şərait yaradılıb: "Müşahidəçilər buyursunlar, prosesi sonadək şəffaf şəkildə müşahidə etsinlər. Əgər hansısa konkret nöqsanlar tapsalar, ondan sonra biz bu məsələləri müzakirə edək, dialoq aparaq"-deyə Ə.Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti