...

301 nəfər deputatlığa namizəd Rəsul Quliyevin müdafiəsi ilə bağlı bəyanat verdi

Siyasət Materials 17 Oktyabr 2005 17:14 (UTC +04:00)

6 noyabrda keçiriləcək parlament seçkisində iştirak edən 301 nəfər deputatlığa namizəd Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevin müdafiəsinə qalxıb və onun həbs olunma ehtimalı ilə bağlı birgə bəyanat veriblər.

ADP-dən Trend ə daxil olan məlumata görə, bəyanat qəbul edən 301 namizəd həm ayrı-ayrı seçki blokları və siyasi partiyaların nümayəndələri, həm də müstəqil namizədlərdir. Deputatlığa namizədlərdən 115-i "Azadlıq" blokunun, 70-i Liberal Partiyanın, 43-i "Klassiklər" AXCP-sinin, 30-u Ümid Partiyasının, 14-ü Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) namizədləri, 29 nəfəri isə müstəqil namizədlərdir.

Deputatlığa namizədlər onu da qeyd ediblər ki, Rəsul Quliyevin ölkəyə buraxılmayacağı və ya qayıtdığı zaman həbs olunacağı haqqında iqtidar mənsublarının verdiyi bəyanatlar qeyri qanunidir və ADP sədrinin deputatlığa namizəd kimi hüquqlarının pozulması və onun digər namizədlərlə qeyri-bərabər şərait yaradılması deməkdir.

"Biz Rəsul Quliyevlə həmrəyləyimizi bildirərək bəyan edirik ki, Rəsul Qüliyevə qarşı irəli sürülən ittihamlar siyasi motivli olub, heç bir hüquqi normaya əsaslanmır. Biz beynəlxalq təşkilatları və Qərbin demokratik dairələrini hakimiyyət orqanlarının Azərbaycanda vətəndaş qarşıduramsına gətirib çıxara biləcək qeyri-qanuni hərəktlərdən çəkindirməyə çağırırıq"-deyə namizədlərin müraciətində vurğulanır.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şuranın üzvü, millət vəkili və deputatlığa namizəd Aydın Mirzəzadə isə hesab edir ki, R.Quliyevin barəsində həbs qərarının siyasi motivləri yoxdur və o, cinayət əməllərinə görə təqib olunur. A.Mirzəzadənin fikrincə, Rəsul Quliyevin ölkəyə qayıdışı Azərbaycan müxalifəti üçün heç nəyi dəyişməyəcək və müxalifətçilərin bəyan etdikləri kimi demokratik prosesləri sürətləndirməyəcək: "Çünki Azərbaycanda demokratiya var və onu inkişaf etdirmək 10 ildir Azərbaycandan kənarda yaşayan,buradakı hadisələri, reallıqları bilməyən bir şəxsin vəzifəsi deyil"-deyə A.Mirzəzadə bildirib.

YAP funksionerinin sözlərinə görə, ADP liderinin ölkəyə qayıdışı adi bir Azərbaycan vətəndaşının qayıtması kimi qəbul olunmalıdır. A.Mirzəzadə hesab edir ki, müxalifətçilərin R.Quliyevin gəlişinin əngəllənməsi üçün hakimiyyət tərəfindən təxribatlar hazırlandığı barədə xəbərlər yayması onu göstərir ki, müxalifət qüvvələr əslində seçkiyə hazırlaşmır və ictimai diqqəti belə qalmaqallara yönəltməyə çalışırlar.

Xəbər lenti

Xəbər lenti