...

Florestin Skaletski: Son 10 il ərzində Azərbaycanda bir sıra müsbət dəyişikliiklər baş verib

Siyasət Materials 19 Oktyabr 2005 15:17 (UTC +04:00)
Florestin Skaletski: Son 10 il ərzində Azərbaycanda bir sıra müsbət  dəyişikliiklər baş verib

Rumıniya insan haqlarının müdafiəsi təşkilatının prezidentinin Trend agentliyinə müsahibəsi

- Cənab Skaletski, Siz Bakıda olmusunuz və ölkədə demokratik proseslərin inkişafı ilə bağlı vəziyyətlə tanışsınız. Sizcə, bu sahədə irəliləyişlər varmı?

- Bizim təşkilat və ona yaxın mətbuat orqanları, intellektual mərkəzlər nəinki Azərbaycanın, həm də keçmiş sovet məkanında müstəqillik qazanmış ölkələrin inkişaf dinamikasını müntəzəm olaraq izləyir. Sosializm düşərgəsində ölkələrin olduqca sıx əlaqədə olmasından irəli gələn oxşarlıqlara baxmayaraq, onların hər birinin özünə məxsus xüsusiyyəti var. Son 10 il ərzində Azərbaycanda bir sıra müsbət dəyişikliklər baş verib, cəmiyyətdə demokratikləşmə prosesi güclənib, siyasət, iqtisadiyyat, hüquq, təhsil sahələrində uğurlu islahatlar aparılıb. Azərbaycanda siyasi vəziyyət bizə məlumdur. Siyasi sabitlik və demokratik proseslərin inkişafı üçün müxalifətlə konstruktiv əlaqələr qurmaq lazımdır. Şərqdə siyasi mübarizədə və bütövlükdə müasir siyasətdə qara piarın tətbiqi isə yol verilməzdir.

- Lakin müxalifət hesab edir ki, ədalətli seçkilərin keçirilməsində əsas maneə elə iqtidardır.

- Azərbaycan iqtidarının strateji planda mövqeyi beynəlxalq səhnədə güclüdür. XX-XXI əsrlərin kəsişməsində Azərbaycan Respublikası Avropa Birliyinə daxil olaraq özünün Avropa dəyərlərinə sadiqliyini və bundan sonra da həm ictimai inkişafda, həm də digər Avropa ölkələri ilə qarşılıqlı əlaqələrdə Avropa standartlarını qəbul edəcəyini bəyan edib. Bu gün Azərbaycanın iqtisadiyyatı inkişaf edir, yeni iş yerləri açılır.

Bakı-Tbilisi-Ceyhan strateji layihəsi uğurla həyata keçirilir. ATƏT-dən verilən məlumata görə, prezident seçkilərin ədalətli və demokratik keçirilməsi haqqında fərman imzalayıb. Deputatlığa namizədlərin qeydiyyata alınması üçün bərabər şərait yaradılıb. Mənə elə gəlir ki, bu gün ölkədə problem ideyalar arasında deyil, siyasi liderlər arasındadır. İqtidarın problemi isə kadr islahatlarının dinamikası, İ.Əliyevin müasir iş üsulunu dərk edə bilməyən əvvəlki partiya aparatı məmurlarının təzyiqidir. Fikrimcə, bu fərmanın həyata keçirilməsində məhz yeni şəraitdə işləməyi bacarmayan iqtidarın bu qolu problem yaradacaq. Dünya daim islahatların keçirilməsini, yeni konstruktiv ideyalar tələb edir. Buna görə də mən Azərbaycanın Şərqdə İnsan haqları üzrə ilk Beynəlxalq Elmi Şuranın yaradılması təşəbbüsünü bəyənirəm.

Ölkə ictimaiyyətinə bu Şuranın obyektiv təhlili və tövsiyyələri ilə tanış olmaq son dərəcə vacibdir. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanda seçkiləri izləyəcək və ümid edirəm ki, seçkilər demokratik şəraitdə keçiriləcək. Bu, həm də mənim arzumdur.

- Siz beynəlxalq təşkilatlarda nüfuzlu söz sahibi kimi ölkədə seçkiqabağı vəziyyəti necə qiymətləndirirsiniz?

- Hazırki seçkilər əvvəlkilərdən onunla fərqlənir ki, deputatlığa namizədlərin qeydiyyata alınmasında heç bir problem yoxdur. Rekord sayda namizəd qeydiyyata alınıb. Ölkədə söz və mətbuat azadlığı mövcuddur, insanlara sərbəst toplaşmaq hüququ verilib. İlk dəfədir ki, mövqelərindən asılı olmayaraq bütün namizədlər siyasi təzyiq olmadan qeydiyyata alınıb. Demokratiyanın bu vacib amili həm dövlətin daxilində, həm də onun xaricində qiymətləndirilməlidir. Düşünürəm ki, iqtidar gələcəkdə də siyasi müdriklik göstərəcək və təxribata uymayacaq.

Qalan hallarda isə seçkiqabağı vəziyyət inkişaf etməkdə olan ölkələrdəki standart vəziyyətlərdən heç nə ilə fərqlənmir. Bundan başqa, seçkilərin demokratik keçirilməsi nəinki beynəlxalq təşkilatların, həm də belə seçkilər keçirməyə hazır olan Azərbaycanın tələbidir. Mən yalnız onu deyə bilərəm ki, ölkənin gənc prezidentinin iradəsinə, onun kübar təhsilinə, təkamül yolu ilə islahatlar keçirmək səylərinə inanıram.

Xəbər lenti

Xəbər lenti