...

Fərhad Əliyevə məxsus obyektlərdə külli miqdarda xarici valyuta və digər qiymətli əşyalar aşkar edilib

Siyasət Materials 20 Oktyabr 2005 16:30 (UTC +04:00)

Milli Təhlükəsizlik Nazirliyinin istintaq-əməliyyat qrupu tərəfindən Fərhad Əliyevə məxsus obyektlərdə aparılmış axtarış zamanı külli miqdarda valyuta və digər qiymətli əşyalar aşkar edilib. Trend məlumat verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə yaydığı xüsusi məlumatda bildirilib.

Əməliyyat tədbirləri F.Əliyevə məxsus evlərdə, bağlarda və müxtəlif obyektlərdə həyata keçirilib. Götürülən əşyalar arasında zinət əşyaları və sənət əsərləri də var.

Əməliyyat tədbirləri nəticəsində həmçinin müəyyən edilib ki, Fərhad Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət əmlakının özəlləşdirilməsi zamanı ciddi qanun pozuntularına yol verib.O, dövlət əmlakını cüzi qiymətlərlə sənədləşdirərək öz qohum və yaxınlarının adına rəsmiləşdirib və faktiki olaraq öz mülkiyyətinə keçirib.

Hazırda Fərhad Əliyevə məxsus çoxsaylı kommersiya obyektlərində, o cümlədən AZPETROL şirkətində qanun pozuntuları ilə bağlı araşdırmalar davam etdirilir. AZPETROL şirkətinin sahibi Rafiq Əliyev isə ölkənin hüdudlarını tərk etmək istəyərkən hava limanında saxlanılıb.

Hazırda Baş Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət yaradılan istintaq-əməliyyat qrupu tərəfindən işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti