...

MSK katibi hərbçilərdən ibarət komissiyalar yaradılmasını qanunauyğun sayır

Siyasət Materials 29 Oktyabr 2005 15:16 (UTC +04:00)

"Hərbi hissələrdə olan seçki məntəqələrində komissiya üzvləri hərbi qulluqçular ola bilərlər. Çünki hərbçilər bitərəf şəxslərdir və qanuna görə seçki komissiyalarının üzvləri bitərflər olmalıdır". Bu fikirləri Trend ə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov bildirib.

Qeyd edək ki, "Azadlıq" seçki bloku MSK-ya müraciət edərək hərbi hissələrdə seçkinin təşkili ilə bağlı qanun pozuntularına yol verildiyindən şikayətlənib. Blokun müraciətində deyilir ki, Seçki Məcəlləsinin 35.5 maddəsində hərbi qulluqçuların ümumi seçki məntəqələrində səs vermələri əksini tapıb, lakin buna baxmayaraq, son günlər qeyri-qanuni olaraq hərbi hissələrin daxilində seçki məntəqələri yaradılır, həmin məntəqə komissiyalarına hərbi hissələrin komandirləri və onun tabeçiliyində olan hərbçilər üzv kimi təyin olunur. "Azadlıq" bloku bunu Seçki Məcəlləsinin komissiyalarda təmsilçilik prinsipi, həm də hərbi qulluqçuların səsvermə qaydaları haqqında tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

MSK katibi Natiq Məmmədov isə bu məsələlərə aydınlıq gətirərkən deyib ki, yuxarı komissiyalar aşağı komissiyalı formalaşdırırlar və üzvlər irəli sürürlər. Bu komissiyalar mütləq siyasi mənsubiyyəti olmayan, bitərəf şəxslərdən ibarət formalaşdırılmalıdır. N.Məmmədovun sözlərinə görə, dairələrdə hərbçilərdən ibarət komissiya formalaşdırıla bilər, çünki hərbçilər də bitərəf insanlardır. Hərbçilərin ümumi məntəqələrdə səs verməsinə gəldikdə, MSK katibi bildirib ki, 4 kateqoriyaya aid hərbi hissələrin özündə seçki məntəqələri yaradılmalıdır: Sərhəd Qoşunlarında, münaqişəsi zonasında olan bütün hərbi hissələrdə, xüsusi rejimli müəssisələrdə və seçki məntəqəsi ilə arasındakı məsafə bir saatdan artıq olan hərbi müəssisələrdə məntəqələr yaradılmalıdır. Çünki həmin müəssislərdə xidmət edənlərin ümumi məntəqələrə gedib səs vermək imkanları yoxdur.

MSK katibi onu da bildirib ki, Azərbaycanda hərbi hissələrin və orada xidmət edən hərbi qulluqçuların sayı dövlət sirri hesab olunur. Buna görə də həmin məntəqələrdə səs verən hərbçilərin siyahısı gizli saxlanılacaq. N.Məmmədovun sözlərinə görə, hər bir müşahidəçi hərbi hissələrdəki müəssisələrdə səsvermənin gedişini müşahidə edə bilər, lakin hərbiçi seçicilərin siyahısı ilə tanış ola bilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti