...

Qarabağ Azadlıq Təşkilatı bəyanat yayıb

Siyasət Materials 1 Noyabr 2005 17:27 (UTC +04:00)

"Qarabağ Azadlıq Təşkilatı (QAT) Müdafiə Nazirliyini ittihamlayan bəyanat yayıb". Trend xəbər verir ki, bəyanatda hərbi xidmətçilərin, əsgərlərin səs verməsi ilə bağlı məsələnin hələ də həll olunmaması göstərilib.

Qeyd olunub ki, Müdafiə Nazirliyi Seçki Məcəlləsinin tələblərini yerinə yetirmək istəmir. Bunu da QAT sədri Akif Nağının namizəd olduğu 16 saylı seçki dairəsi ərazisində yerləşən hərbi hissələrdə seçicilərlə görüşünü təşkil edilmədiyi ilə əlaqələndiriblər: "Dəfələrlə edilən müraciətlərə baxmayaraq, hərbçi seçicilərlə namizədlərin görüşləri təşkil edilməyib. Bu da seçkilərlə bağlı qəbul edilən bütün sənədlərə hörmətsizlik deməkdir".

QAT bəyan edir ki, müddətli hərbi qulluqçuların, əsgərlərin Seçki Məcəlləsinə uyğun olaraq ümumi seçki məntəqələrində səs verməsi təmin edilməlidir.

Müdafiə Nazirliyinin mətbuat xidmətində isə Trend ə bildiriblər ki, bu məsələ ilə nazirlik yox, Mərkəzi Seçki Komissiyası (MSK) məşğuldur. MSK-dan isə bildiriblər ki, belə bir məsələ ilə bağlı komissiyaya müraciət daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti