...

Müxalifətin mitinqi qətnamənin qəbul edilməsi ilə başa çatıb

Siyasət Materials 13 Noyabr 2005 17:42 (UTC +04:00)
Müxalifətin mitinqi qətnamənin qəbul edilməsi ilə başa çatıb

"Yeni siyasət" blokunun həmtəsisçisi E. Namazov bildirib ki, Azərbaycanda təkcə müxalifətin yox, bütün təbəqələrin, sosial qrupların hüququ pozulur.

Milli istiqlal partiyasının sədri Əli Əliyev bildirib ki, konstitusiyaya əsasən hakimiyyətin mənbəyi xalqdır və xalq öz iradəsilə öz hakimiyyətini qurmalıdır. O, beynəlxalq ictimaiyyəti və hakimiyyəti xalqın haqqını tanımağa çağırıb.

Pənah Hüseyn bildirib ki, bu izdihamlı meydan artıq öz qərarını verməlidir. O, müxalifətin seçkidə parlamentə bir necə yer uğrunda mübarizə aparmadığını, yoxsulların, hüququ pozulanların, gənclərin, uşaqların haqqını müdafiə etdiyini vurğulayıb.

"Azadlıq" blokunun həmsədri İsa Qəmbər mübarizəni davam etdirəcəyini bildirib. O, qeyd edib ki, hakimiyyət müxalifətlə dialoq aparmalıdır.

Sərdar Cəlaloğlu xalqın seçki saxtakarlığını hiddətlə qarşıladığını deyib və müxalifətin noyabrın 18-dən etibarən hər gün fasiləsiz etiraz aksiyasına başlayacağını diqqətə çatdırıb.

Lalə-Şövkət müxalifətin daha əzmkar olmasının vacibliyini vurğulayıb.

Əli Kərimli çıxışında bildirib ki, bu mitinqlərdə xalqın bütün təbəqələrinin nümayəndələri iştirak edir. O, vurğulayıb ki, bu mubarizənin taleyi qərbdən, şərqdən deyil, xalqın öz iradəsindən asılıdır.

Mitinqin sonunda qətnamə oxunub. Sənəddə siyasi mühaçirlərin vətənə qayıtması, yenidən seçki keçirilməsi, Elmar Hüseynovun qatillərinin cəzalandırılması və digər tələblər irəli sürülüb.

Saat 17.10 radələrində mitinq başa çatıb.

Mitinqin təşkilatçılarından olan AXCP sədrinin müavini Həsən Kərimov bildirib ki, aksiyada ən azı 50 min nəfər iştirak edib.

Yasamal rayonu polis idarəsini rəis müavini Çingiz Məmmədov isə bildirib ki, mitinq iştirakçılarının sayı 4 mindən artıq deyildi.

Xəbər lenti

Xəbər lenti