...

Hüquq-mühafizə orqanlarının nüumayəndələri ilə tələbələrin birgə konfransı keçirilib

Siyasət Materials 22 Noyabr 2005 14:57 (UTC +04:00)

Noyabrın 22-də Bakı Texniki Kollecində "Gənclər narkomaniyaya yox deyir" mövzusunda konfrans keçirilib. Trend məlumat verir ki, konfrans son vaxtlar yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısının alınmasına həsr olunub.

Tədbirdə narkomaniyaya və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupunun rəhbəri İsrafil Əlyev, Nizami rayon prokurorunun müavini İsmayıl Xıdırov, Nizami rayon polis İdarəsinin rəis müavini Nizami Əsgərov, Nizami rayon İcra Hakmiyyəti Hüquq Şöbəsinin müdiri Mais Talıbov, Nizami rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynov və digər dövlət qurumlarının nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları öz çıxışlarında qeyd ediblər ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra sərhədlərin açılması nəticəsində narkomaniya da geniş vüsət alıb.

Cəmiyyətin ciddi bəlasına çevrilmiş və təhlükə mənbəyi olan narkomaniya yeniyetmələr və gənclər arasında daha çox yayılıb. Bu isə ilk növbədə Azərbaycanın ərazisindən şərqdən qərbə narkotiklərin tranziti üçün istifadə olunması ilə əlaqələndirilib.

Nizami rayon Polis İdarəsinin rəis müavini Nizami Əsgərov da son vaxtlar narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın nəzərə çarpacaq dərəcədə artmasından danışıb: "Son 3 ay ərzində narkotiklərlə bağlı 108 fakt müəyyən edilib və 112 nəfər cinayət məsuliyyətinə cəlb olunub. 11 kiloqram müxtəlif növ narkotik maddələr aşkar edilib. Qeydə alınmış cinayət hadisələrindən bəziləri narkotik maddənin təsiri altında törədilib", - deyə rəis müavini bildirib.

Tədbirdə iştirak edən hüquq-mühafizə orqanlarının nümayəndələri tələbələrə narkomaniyanın qarşısının alınmasında bir vətəndaş kimi polisə köməklik göstərmələrini tövsiyə ediblər. İsrafil Əliyev bildirib ki, bəzi hallarda narkomaniyanın yayılması vətəndaşların problemə biganə yanaşmasından irəli gəlir. "Hər bir vətəndaş narkomaniyaya qarşı mübarizədə aktiv olmalıdır", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti