...

İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında" fərman imzalayıb

Siyasət Materials 25 Noyabr 2005 12:35 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında" qanunun icrasının təmin olunması haqqında fərman imzalayıb. Trend in xəbər verdiyi kimi, sənəd yuxarıda qeyd olunmuş qanunun qüvvəyə minməsilə əlaqədar hazırlanıb.

Nazirlər Kabinetinə bir ay ərzində əlillərin, ilk dəfə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üzrə dövlət proqramlarını təsdiq etmək, həmçinin, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", habelə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul edilmiş tədbirlər planları ilə uzlaşdırmaq, öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında" qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Dövlət Sosial müdafiə Fonduna gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün öz səlahiyyətləri daxilində zəruri tədbirlər görmək və bu barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək, 2006-cı il yanvarın 1-dən "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sığortaolunanlar barədə məlumatların uçotunun təşkilini və aparılmasını təmin etmək, ölkədə fərdi uçota əsaslanan pensiya təminatı sisteminə keçidlə bağlı əhali arasında təbliğat və maarifləndirmə işlərini gücləndirmək tapşırılır.

Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində vaxtı keçmiş borcları olan dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə həmin borcların 2006-2008-ci illər ərzində mərhələlərlə qaytarılmasını təmin etmək məqsədi ilə bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə müvafiq müqavilələr bağlamaq və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dövlət müəssisə və təşkilatları ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu arasında bağlanmış müqavilələrin vaxtında yerinə yetirilməsinə nəzarət etmək tapşırılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə müəssisə və təşkilatların, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam ödənilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə lazımi tədbirlər həyata keçirmək tapşırılır.

Bu fərman 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti