...

Prezident Aparatının nümayəndəsi: Müxalifətin son aksiyasında baş verənlərin məsuliyyəti razılaşmanı pozanların üzərinə düşür

Siyasət Materials 28 Noyabr 2005 13:32 (UTC +04:00)

"Vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin olunmasında heç bir problem yoxdur. Müxalifətin son aksiyasına da qanun çərçivəsində şərait yaradılmışdı, lakin onlar aksiyanı razılaşdırılmış şəkildə nəzərdə tutulan vaxtda başa çatdırmadılar. Hüquq-mühafizə orqanlarının əməkdaşları da öz vəzifələrindən irəli gələn tədbirləri görüblər". Bu fikirləri Trend ə açıqlamasında Prezident Aparatının ictimai-siyasi şöbənin sədr müavini Ərəstun Mehdiyev bildirib.

Prezident Aparatı nümayəndəsi deyib ki, bütün tədbirlər qanun çərçivəsində həyata keçirilməli, qanunun tələblərinə riayət olunmalıdır. Ərəstun Mehdiyevin sözlərinə görə, yürüş-mitinqin razılaşdırılmış vaxtdan kənara çıxmasının qarşısının alınması həm də aksiya iştirakçılarının və ətrafdakı vətəndaşların təzlükəsizliyi baxımından düzgün addım kimi qiymətləndirilməlidir. "Aksiyanın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış vaxtına qədər polis əməkdaşları asayişin və aksiya iştirakçılarının təhlükəsizliyini qoruyur. Polislər sonda da sakit şəkildə tədbiri yola verməli idi. Lakin aksiya iştirakçıları bu razılaşmanı pozaraq qanunsuz hərəkətlərə yol verirlərsə, baş verən xoşagəlməz hadisələrə görə məsuliyyət də onların üzərinə düşür"-deyə Ə.Mehdiyev bildirib.

O, əlavə edib ki, müxalifətin artıq mütəmadi xarakter alan aksiyalarına qanun çərçivəsində şərait yaradılır: "Bir halda ki aksiya keçirilməsi məsələsində heç bir problem yoxdur, bu mitinqlərin oturaq xatakter almasının və müddətsiz olmasının nə əhəmiyyəti var?"-deyə Prezident Aparatı nümayəndəsi vurğulayıb.

Ə.Mehdiyev ölkəmizdəki bəzi səfirliklərin müxalifətin son aksiyasının sonda dağıdılmasını pisləmələrinə dair bəyanatlarına da münasibət bildirib. O, qeyd edib ki, bu qurumlar aksiyalara və baş verən xoşagəlməz hallara qiymət verərkən burada kimin qanunları pozduğuna diqqət yetirməli və bu mövqedən çıxış etməlidirlər. Prezident Aparatının nümayəndəsi həmçinin səfirlərin bəyanatını onların öz subyektiv mövqeyi kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti