...

Azərbaycan və Gürcüstanın XİN başçıları transatlanitik enerji konsepsiyasının yaradılması ideyasını müzakirə edib

Siyasət Materials 22 Dekabr 2005 15:52 (UTC +04:00)
Azərbaycan və Gürcüstanın XİN başçıları transatlanitik enerji konsepsiyasının yaradılması ideyasını müzakirə edib

"Biz bir sıra ikitərəfli əməkdaşlıq məsələlərinə toxunduğumuz intensiv danışıqlar aparmışıq". Trend in xəbər verdiyi kimi, bu barədə dekabrın 22-də Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Gela Bejuaşvili ilə danışıqların yekunları ilə bağlı brifinqdə bəyan edib.

E.Məmmədyarovun sözlərinə görə, görüş zamanı regionda münaqişələr, beynəlxalq əlaqələr çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı məsələlərə toxunulub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və Cənubi Osetiya münaqişələri, həmçinin, energetika təhlükəsizliyinə dair kompleks məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Danışıqlarda, həmçinin, ATƏT, BMT və digər strukturlar çərçivəsində GUAM-ın fəaliyyətinin genişləndirilməsi yolları müzakirə olunub, Yeni Qonşuluq Siyasəti ilə bağlı fikir mübadiləsi aparılıb.

G.Bejuaşvili bildirib ki, Bakıda energetika təhlükəsizliyi kontekstində enerji daşıyıcılarının Mərkəzi Asiyadan Avropaya nəqli perspektivlərinin yaradılması məqsədilə həm hər iki ölkənin, həm də GUAM-ın gələcək əməkdaşlıq və qarşılıqlı fəaliyyəti, Azərbaycan və Gürcüstanın uzunmüddətli perspektivdə təhlükəsizliyinin təmin olunması üçün tranzit imkanlardan istifadə məsələləri müzakirəyə çıxarılıb.

"Biz transatlantik energetika konsepsiyasının yaradılması ideyası haqqında danışdıq", - deyə gürcüstanlı nazir əlavə edib. Onun sözlərinə görə, regional münaqişələr qəbul olunmuş beynəlxalq prinsiplər əsasında həll olunmalıdır, bu prinsiplər isə dövlətlərin sərhəd və ərazilərinin bölünməzliyindən ibarətdir.

Gürcüstanın xarici işlər naziri onu da qeyd edib ki, Gürcüstan Azərbaycan tərəfi ilə həm qaz, həm də digər enerji daşıyıcılarının əlavə həcminin nəqli ilə bağlı məsələni də müzakirə etmək niyyətinddir.

Xatırladaq ki, Gürcüstanın XİN başsçısı ilə yanaşı energetika naziri də Bakıdadır və o, ölkənin müvafiq strukturları ilə danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti